Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, sənəd mayın 19-da İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Litvanın xarici işlər naziri Kestutis Budris tərəfindən imzalanıb.
Qeyd edilib ki, tərəflər Ermənistanın Avropa İttifaqı ilə tərəfdaşlığının dərinləşdirilməsinin vacibliyini vurğulayaraq, mövcud Ermənistan-Litva hökumətlərarası komissiyasının Avropa İttifaqına inteqrasiya məsələləri üzrə Ermənistan-Litva komissiyasına çevrilməsi niyyətini bəyan ediblər.
Bəyannaməyə əsasən, tərəflər Ermənistan qanunvericiliyinin Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılması istiqamətində islahatlara dəstək vermək və Litvanın Avropa İttifaqına inteqrasiya təcrübəsini bölüşmək məqsədilə müntəzəm ikitərəfli məsləhətləşmələr keçirəcəklər.
Sənəddə həmçinin dezinformasiya, ictimai diplomatiya və əlaqəli sahələr üzrə müntəzəm məsləhətləşmələrin keçirilməsi nəzərdə tutulur.
Tərəflər yüksək texnologiyalar, xüsusilə yarımkeçiricilər, süni zəka, robototexnika və bulud hesablama sahələrində birgə təşəbbüslərin inkişaf etdirilməsinə dəstək vermək niyyətində olduqlarını bildiriblər.
Bəyannamədə Ermənistanın “Sülh kəsişməsi” (Zəngəzur dəhlizi-red.) təşəbbüsünün Avropa İttifaqının “Global Gateway” strategiyası çərçivəsində dəstəklənməsi və regional iqtisadi-infrastruktur layihələrində iştirakının təşviqi də qeyd olunub.
Tərəflər enerji sahəsində, xüsusilə yaşıl hidrogen və bərpa olunan enerji layihələri üzrə əməkdaşlığın genişləndirilməsini dəstəklədiklərini vurğulayıblar.
Bundan əlavə, Litvanın Ermənistanın Avropa İttifaqı ilə vizasız rejim üzrə fəaliyyət planının icrasına, xüsusilə sərhəd idarəçiliyi, təhlükəsizlik və miqrasiya siyasəti sahələrində dəstəyini davam etdirəcəyi bildirilib.
Alpər Mövludoğlu
Ordu.az