Ordu.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk TASS agentliyinə müsahibəsində deyib.
Onun sözlərinə görə, burada həm iqtisadi, həm də siyasi məsələlər sıx şəkildə bir-biri ilə bağlıdır və bu vəziyyət Ermənistanda davam edən seçkiqabağı təşviqat kampaniyasına da təsir göstərir.
“Ermənistanda Avrasiya İqtisadi Birliyi ilə əlaqələrin qorunmasını dəstəkləyən qüvvələr də var, ölkəni Avropa İttifaqına yönəltmək istəyən qüvvələr də. Biz isə təbii olaraq Ermənistanı Avrasiya İqtisadi Birliyinin tərkibində görmək istəyirik”, - deyə o qeyd edib.
Overçuk bildirib ki, Rusiya Cənubi Qafqazda sülhün tərəfdarıdır və Moskvanın səyləri nəticəsində bu gün Ermənistan ilə Azərbaycan arasında normal münasibətlər formalaşır.
O qeyd edib ki, artıq nümayəndə heyətlərinin mübadiləsi aparılır, iki ölkə arasında ticarət başlayıb və Ermənistanın nəqliyyat blokadasının qismən açılması baş verib.
Baş nazirin müavini vurğulayıb ki, hazırda rus taxılı və rus gübrələri Azərbaycan və Gürcüstan ərazisindən dəmir yolu ilə Ermənistana çatdırılır və Rusiya da blokadadan çıxarma prosesində iştirak edir.
“Bütün bunlar Ermənistanı gücləndirir. Lakin eyni zamanda Ermənistanda Avropa İttifaqı ilə yaxınlaşmanı dəstəkləyən qüvvələrin olduğunu görürük”, - deyə Overçuk bildirib.
O əlavə edib ki, ötən ilin aprelində Ermənistanda qəbul edilən qanun ölkənin Avropa İttifaqına qoşulmaq istəyini açıq şəkildə göstərir.
Overçukun sözlərinə görə, indiki geosiyasi şəraitdə Avropa İttifaqı iqtisadi inteqrasiya qurumundan hərbi-siyasi ittifaqa çevrilir və Rusiyaya qarşı hərbiləşdirilir.
Rusiya rəsmisi bildirib ki, Moskva Ermənistanın hazırda malik olduğu iqtisadi üstünlükləri itirməsini istəmir.
“Ermənilər bizə yaxın xalqdır və onların necə yaşaması, Ermənistan iqtisadiyyatının vəziyyətinin necə olması bizim üçün fərqsiz deyil. Əksinə, biz orada iqtisadi rifahın inkişafına hər cür dəstək veririk”, - deyə o vurğulayıb.
Overçuk qeyd edib ki, əgər Ermənistan Avropa İttifaqına üstünlük verərsə, o zaman Rusiyada “niyə bunu öz büdcəsi hesabına dəstəkləməlidirlər?” sualı yaranacaq.
O bildirib ki, Ermənistan bir tərəfdən Avropa İttifaqına yaxınlaşmaq və onların standartlarına keçmək istədiyini deyir, digər tərəfdən isə hələlik Avrasiya İqtisadi Birliyində qalaraq bu üzvlüyün bütün iqtisadi üstünlüklərindən faydalanmağa çalışır.
“Ermənistanda nə qədər tez qərar versələr, həm Avrasiya İqtisadi Birliyindəki müttəfiqləri, həm də Ermənistanın özü üçün bir o qədər dürüst olar”, - deyə Overçuk əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az