Sabiq erməni rəsmi: “Ermənistandan silah ixracı ilk dəfə baş verməyib”

2026/05/1779204822.jpg
Oxunub: 436     19:27     19 May 2026    
Ermənistanın Hərbi Sənaye Komitəsinin sabiq sədri Avetik Kerobyan Ermənistandan silah ixracı ilə bağlı yayılan xəbərləri şərh edərək bunun ilk hal olmadığını bildirib.

Ordu.az xəbər verir ki, Kerobyan bu barədə “Facebook” səhifəsində paylaşım edib.

O qeyd edib ki, ilk belə ixrac təxminən 10 il əvvəl həyata keçirilib və bir neçə milyon dollar dəyərində texnika NATO üzvü olan bir ölkəyə satılıb.

“Mövcud hakimiyyət dövründə “Lubawa Armenia” Ermənistan-Polşa birgə müəssisəsi və “LT-Pirkal” Ermənistan-Yunanıstan birgə müəssisəsinin erməni tərəfdaşı olan “Lazer Texnika” QSC ləğv edilib.

Polşa və Yunanıstan NATO üzvü olan dövlətlərdir və hər iki müəssisə hərbi sənaye sahəsində fəaliyyət göstərirdi.

“Yüksək texnologiyalar sənayesi nazirinə tabe olan Hərbi Sənaye Komitəsi ilin ilk 4 ayında 0 dram xərc çəkib, halbuki yalnız birinci rüb üçün 850 milyon dram nəzərdə tutulmuşdu”, - deyə Kerobyan bildirib.

Qeyd edək ki, bundan əvvəl Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Mxitar Hayrapetyan “Facebook” səhifəsində paylaşdığı videoda Ermənistan hərbi sənaye sektoru üçün dönüş nöqtəsi sayılan nailiyyət barədə məlumat vermişdi.

Erməni nazirin sözlərinə görə, may ayı ərzində 3 erməni şirkəti 2 müxtəlif ölkəyə uğurla silah ixrac edib. O bildirib ki, bu, Ermənistanda hazırlanmış və istehsal edilmiş son hərbi məhsulun ilk dəfə rəsmi şəkildə xarici istehlakçılara çatdırılmasıdır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin