Ordu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 19-da Lori vilayətində keçirilən seçkiqabağı təşviqat zamanı deyib.
Hakim “Vətəndaş Müqaviləsi” partiyasının namizədlər siyahısına rəhbərlik edən Paşinyan çıxışında “Güclü Ermənistan” partiyasının sədri Samvel Karapetyanı nəzərdə tutaraq bildirib ki, beynəlxalq və erməni media qurumları onun Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı olduğunu əsaslarla təqdim edir.
“Bu o deməkdir ki, Ermənistanda siyasi proseslərdə iştirak edən şəxs xarici xüsusi xidmət orqanının gizli əməkdaşıdır. Bu məlumat artıq mediaya təqdim olunub və bütün əsaslandırmalar göstərilib. Bu, bizim təsəvvürlərimizi təsdiqləyir”, - deyə Paşinyan vurğulayıb.
Ermənistanın Baş naziri qeyd edib ki, Ermənistan və Azərbaycan arasında heç vaxt müzakirə mövzusu olmayan məsələlərin gündəmə gətirilməsi başqa cür deyil, casus fəaliyyəti kimi qiymətləndirilə bilər.
Onun sözlərinə görə, həmin qüvvələr Ermənistana 1 milyon azərbaycanlının gəlməsi məsələsini gündəmə gətirməyə çalışırlar.
“Bu partiyanın hər bir tərəfdarı seçim etməlidir: agentdir, yoxsa vətəndaş? Əgər kaluqalı oliqarx Rusiya FTX-nin agentidirsə, onun partiyası da agentura şəbəkəsidir”, - deyə Paşinyan bildirib.
Paşinyan əlavə edib ki, Ermənistan xarici xüsusi xidmət orqanlarının agentura şəbəkələrinin fəaliyyətinə qarşı mübarizə aparacaq.
Alpər Mövludoğlu
Ordu.az