Ordu.az xəbər verir ki, Papikyan “Vətəndaş Müqaviləsi”nin daha əvvəl Taşirdə keçirdiyi kampaniyanın uğursuz sayılmasına baxmayaraq yenidən bölgəyə səfər etməsinə münasibət bildirib.
Erməni nazir qeyd edib ki, kampaniya iki mərhələdə və iki ayrı qrupla həyata keçirilir, onlardan biri ümumrespublika kampaniyası, digəri isə yerli kampaniyadır.
Papikyan özünün indiyədək yerli kampaniya apardığını deyib.
O, seçki kampaniyası dövründə siyasi qüvvələrin, o cümlədən baş nazir Nikol Paşinyanın sərt ritorikasına münasibət bildirərək deyib ki, bu ritorikanı onlar başlatmayıb, lakin adekvat cavab verməyə məcburdurlar.
Papikyan Paşinyanın müxalifəti əmlakdan məhrum etmək və “bir cüt idman ayaqqabısı ilə qoymaq” barədə fikirlərini də normal siyasi mübarizə adlandırıb.
“Əgər buna layiqdirsə, bir cüt idman ayaqqabısı ilə qalmalıdır”, - deyə o vurğulayıb.
Erməni nazir həmçinin Spitakda keçirilən tədbirdə Paşinyanın yanğında həlak olmuş hərbçinin babası barədə dediyi fikirlərə də münasibət bildirib.
Papikyan qeyd edib ki, söhbət konkret şəxsdən deyil, yas içində olan insanlardan siyasi məqsədlərlə istifadə edilməsindən gedirdi.
“Hakimiyyətin tədbirlərinə onu dinləmək istəyən insanlar gəlməlidir və tədbiri pozmağa çalışanların iştirakı normal deyil”, - deyə o vurğulayıb.
Metsavanda aparılan axtarışlara münasibət bildirən Papikyan yalnız səs yazılarını eşitdiyini və hadisə barədə ətraflı məlumatının olmadığını deyib.
Erməni müdafiə naziri 2026-cı il mayın 28-də Respublika meydanında keçiriləcək hərbi paradın müharibə təhdidi yaratmadığını da vurğulayıb.
“Xeyr, burada heç bir təhdid yoxdur”, - deyə Papikyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az