“FTX ilə bağlı iddialar Paşinyanın sifarişidir” - Karapetyan

2026/02/1771950416.jpg
Oxunub: 423     17:51     19 May 2026    
“Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyan onun Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) ilə əlaqələri barədə yayılan məlumatları təkzib edib.

Ordu.az xəbər verir ki, Karapetyan bu barədə 2026-cı il mayın 19-da Ermənistan Antikorrupsiya Məhkəməsinin binası qarşısında jurnalistlərə açıqlamasında danışıb.

Erməni siyasi xadim bildirib ki, küçələrdə qışqıran bir “dəli” var və xalq baş verənlərdən nəticə çıxarmalıdır.

Jurnalistlər Karapetyandan Rusiyanın “The Insider” nəşrinin yaydığı məlumatı şərh etməsini istəyiblər.

Həmin materialda iddia olunurdu ki, Karapetyanın 1999-cu ildə Rusiya vətəndaşlığı alarkən doldurduğu sənəddə “iş yeri” bölməsində FTX İnformasiya Mərkəzi qeyd olunub.

Karapetyan bu məlumatı açıq yalan adlandırıb və bunun birbaşa sifariş olduğunu bildirib.

Onun sözlərinə görə, həmin yazı şəxsən Nikol Paşinyanın “əl işidir”. “Rusiya pasportunu 1993-1994-cü illərdə alıb və 30 illik saxta sənədlərin müzakirəsinin mənası yoxdur”, - deyə Karapetyan qeyd edib.

Erməni siyasi xadim istehza ilə bildirib ki, əgər Ermənistanda hansısa siyasətçinin Rusiya xüsusi xidmət orqanları ilə əlaqəsi varsa, bu, məhz Nikol Paşinyandır: “Paşinyan hazırda “FTX-nin yefreytoru”dur və yaxın vaxtlarda “serjant” rütbəsi ala bilər”.

Karapetyan media nümayəndələrini belə saxta xəbərləri yaymamağa çağırıb. O, həmçinin komandasının üzvlərinə qarşı seçki rüşvəti ittihamı ilə həyata keçirilən həbsləri siyasi təzyiq adlandırıb.

Karapetyan hakimiyyətin hüquq-mühafizə orqanlarından istifadə edərək müxalifəti seçki yarışından uzaqlaşdırmağa çalışdığını bildirib.

Onun sözlərinə görə, cəmiyyət baş verənlərin əsl səbəblərini yaxşı anlayır və seçki günü öz sözünü deyəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Karapetyan   Ermənistan   FTX  


Bizi "telegram"da izləyin