“Super baş nazirlik Ermənistan üçün bəladır” - Köçəryan

2026/05/1779026613.jpg
Oxunub: 400     17:44     19 May 2026    
Ermənistanın ikinci prezidenti və baş nazirliyə namizəd Robert Köçəryan Amasiya sakinləri ilə görüşü zamanı super baş nazirlik idarəetmə modelinin ölkə üçün problemə çevrildiyini bildirib.

Ordu.az xəbər verir ki, erməni siyasi xadim avantürist hakimiyyətlərin ölkə üçün təhlükə olduğunu deyib.

Onun sözlərinə görə, seçkiqabağı kampaniya parlament seçkilərindən çox prezident seçkilərini xatırladır. Köçəryan qeyd edib ki, ritorika şəxslər üzərində qurulub və konkret olaraq “Vətəndaş Müqaviləsi” bir nəfərdən və “100 çantalıdan” ibarətdir.

Köçəryan baş verənlərin kökündə konstitusiya və super baş nazirlik idarəetmə modelinin dayandığını vurğulayıb.

“Bu model bizi yaxşı yerə aparmayacaq. Məqsədimiz hər şeyi dəyişmək və hakimiyyətin düzgün balanslaşdırıldığı sistem qurmaqdır. Super baş nazirlik ölkəmiz üçün bəla olub”, - deyə o bildirib.

Amasiya sakinləri heyvandarlığın həcminin azalması, məktəblərin bağlanması və əhalinin bölgədən köç etməsi kimi problemlərdən narahat olduqlarını bildiriblər.

Sakinləri dinləyən Köçəryan məktəblərin bağlanmasının yolverilməz olduğunu qeyd edib və hakimiyyəti dövründə təxminən 150 məktəbin tikildiyini xatırladıb.

Erməni sakinlərdən biri ölən və itkin düşən şəxslərin ailələrinə münasibətin qəbuledilməz olduğunu deyib. Köçəryan da hakimiyyətin həmin ailələrə münasibətinin yolverilməz olduğunu bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin