Erməni ekspert: “Hazırkı sərhədlərin delimitasiya prosesi birtərəfli güzəştlər zəncirini xatırladır”

2026/05/1779174535.jpg
Oxunub: 364     14:59     19 May 2026    
“Hazırkı sərhədlərin delimitasiya prosesi bərabərhüquqlu danışıqları yox, birtərəfli güzəştlər zəncirini xatırladır”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Henaket” Analitik Mərkəzinin eksperti Şiraz Xaçatryan bildirib.

O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Qubadlı-Zəngilan istiqamətinə etdiyi son səfər və Zəngilanın gələcəkdə beynəlxalq nəqliyyat mərkəzinə çevriləcəyi ilə bağlı açıqlamaları Bakının strateji planlarının göstəricisidir.

Xaçatryan bildirib ki, İran sərhədi istiqamətində tikilən körpü və nəqliyyat infrastrukturu Azərbaycanın bölgədəki logistik mövqeyini gücləndirəcək.

Erməni ekspertin sözlərinə görə, Zəngəzur dəhlizi açıldıqdan sonra Zəngilan həm Türkiyə vasitəsilə Avropaya uzanan Şərq-Qərb marşrutunun, həm də İran və Fars körfəzinə çıxışı təmin edən Şimal-Cənub marşrutunun əsas nöqtələrindən birinə çevriləcək.

“Bu mərhələdə Azərbaycanın Tavus istiqamətində delimitasiyanın ikinci mərhələsinə başlamaqda tələsməsinə ehtiyac yoxdur.

Azərbaycanın tələsməsinə ehtiyac yoxdur, çünki zaman onun xeyrinə işləyir və Bakı mərhələli təzyiqlərlə yeni tələblərinin yerinə yetirilməsinə nail ola bilər”, - deyə o bildirib.

Erməni ekspert vurğulayıb ki, Tavus istiqamətindəki anklavların verilməsi və ya Zəngəzur istiqamətində Kərkinin güzəştə gedilməsi Ermənistan üçün strateji fəlakət ola bilər.

Onun sözlərinə görə, həmin ərazilər Ermənistanın Gürcüstan və İranla əlaqə yollarına nəzarət baxımından həyati əhəmiyyət daşıyır.

Xaçatryan qeyd edib ki, bu addımlar həm də bölgədə qurulmuş müdafiə xətlərini dağıda bilər.

“İndiyə qədər delimitasiya və demarkasiya prosesi tam şəkildə Bakının gündəliyinə uyğun aparılıb və buna görə də prosesin aktivləşməsi üçün nikbin gözləntilərə əsas yoxdur”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Xaçatryan  


Bizi "telegram"da izləyin