Erməni siyasi xadim: “Qorxuram ki, bunun əvəzini Ermənistanla ödəyək”

2026/05/1779174495.jpg
Oxunub: 365     15:16     19 May 2026    
“Əgər Paşinyanın “ürək”lərinə görə Zəngəzurla ödəniş etsək, bu, aşağı qiymət olacaq. Qorxuram ki, bunun əvəzini Ermənistanla ödəyək”.

Ordu.az xəbər verir ki, bunu İsveçrə-Ermənistan parlament qrupunun keçmiş baş katibi, İsveçrənin erməni və ermənipərəst təşkilatları şurasının sədri Sarkis Şahinyan deyib.

O bildirib ki, Avropa Siyasi Birliyinin sammiti zamanı Ermənistan yalnız formal ev sahibi kimi görünüb və ölkəni narahat edən heç bir problem nə müzakirə olunub, nə də həllini tapıb.

Şahinyanın sözlərinə görə, tədbirin əsas məqsədi Nikol Paşinyanın hakimiyyətinə seçkiqabağı dəstək nümayiş etdirmək olub.

“Bu toplantı hakimiyyətə lazım idi ki, göstərsinlər 48 ölkənin liderini İrəvana gətirə bilirlər və xüsusilə Emmanuel Makronla yaxın münasibətlərə malikdirlər”, - deyə o bildirib.

Erməni siyasətçi qeyd edib ki, Avropa İttifaqı və Fransa ilə imzalanan sənədlər real müqavilələr deyil, yalnız niyyət bəyannamələridir və onların içində konkret məzmun yoxdur.

Şahinyan vurğulayıb ki, Avropa Ermənistanın təhlükəsizliyini qorumaq üçün real addım atmayacaq və ölkənin Avropa İttifaqına daxil olması da mümkün görünmür.

“İyun ayının 7-də biz Rusiya və ya Avropanı yox, Ermənistanı seçməliyik”, - deyə o qeyd edib.

O hesab edir ki, Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra Ermənistan hakimiyyəti ardıcıl güzəştlər siyasəti yürüdür və bunun nəticəsində ölkə təhlükəsizlik baxımından daha zəif vəziyyətə düşüb.

“Paşinyanın etdikləri Türkiyə layihəsidir. Bu layihənin əsas müəllifi Türkiyənin xarici işlər naziri Hakan Fidandır və gələcəkdə onun Türkiyənin növbəti prezidenti olacağını düşünür.

Əgər Paşinyanın “ürək”lərinə və təbəssümlərinə görə Zəngəzurla ödəniş etsək, bu, aşağı qiymət olacaq. Qorxuram ki, bunun əvəzini Ermənistanla ödəyək”, - deyə o vurğulayıb.

Şahinyan həmçinin qeyd edib ki, Ermənistanın TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsində heç bir real rolu yoxdur və bu proses ölkənin İran və Rusiya ilə logistika imkanlarını zəiflədəcək.

O əlavə edib ki, Fransa prezidenti Emmanuel Makron 2027-ci ilin aprelində vəzifədən gedəcək və onun yerinə gələcək şəxsin Ermənistana münasibətinin necə olacağı məlum deyil.

Şahinyan bildirib ki, Ermənistanın hazırkı diplomatiyası ölkənin maraqlarına xidmət etmir və dövlətin aydın strateji baxışı yoxdur.

O hesab edir ki, iyunun 7-də keçiriləcək səsvermədə 4 müxalif qüvvə parlamentə keçə bilər və müxalifət şəxsi ambisiyalarını kənara qoyaraq Nikol Paşinyandan qurtulmaq üçün birləşməlidir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şahinyan   Ermənistan  


Bizi "telegram"da izləyin