“Əgər Paşinyan yenidən seçilərsə, Ermənistanın gələcəyi ilə bağlı məsələlər Bakı və ya Ankarada müzakirə olunacaq” - Zakaryan

2026/05/1779085393.jpg
Oxunub: 376     17:22     19 May 2026    
“Nikol Paşinyan hakimiyyəti ələ keçirdikdən sonra guya “suverenliyin bərpası” adı altında tədricən Rusiya ilə münasibətləri pisləşdirməyə başlayıb”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Respublikaçılar Partiyasının İcraedici Orqanının üzvü, Ermənistan müdafiə nazirinin sabiq birinci müavini Artak Zakaryan sosial şəbəkə hesabında ayzıb.

“Bu, Qarabağ məsələsində, ATƏT-in Minsk Qrupunda aparılan danışıqlarda və verilən açıqlamalarda görünürdü. Bu, KTMT məsələsində rəsmi İrəvanın mövqeyində, general-polkovnik Yuri Xaçaturova münasibətdə, həmçinin Rusiya hesabına Qərblə münasibətlər qurmaq cəhdlərində özünü göstərirdi”, - deyə Zakaryan qeyd edib.

Sabiq erməni nazir müavininin sözlərinə görə, həmin dövrdə Azərbaycan Prezidenti İlham Əliyev Moskva ilə əlaqələri fəal şəkildə inkişaf etdirirdi.

“Nəticədə İlham Əliyev Türkiyə, Pakistan, Ukrayna, İsrail və digər ölkələrin dəstəyi ilə Qarabağın böyük hissəsini nəzarətə götürmək üçün “kart-blanş” aldı”, - deyə o bildirib.

Zakaryan vurğulayıb ki, Qərb Ermənistana heç bir yardım göstərməyib, Rusiya isə yalnız müharibəni dayandırmağa çalışıb.

Onun fikrincə, eyni proses 2022-2023-cü illərdə də təkrar olunub.

“İrəvan heç bir əsaslı səbəb olmadan Qərbə yönəlməyə çalışaraq 2022-ci il oktyabrın 6-da Praqada ATƏT-in Minsk Qrupundan, Qarabağdan və Rusiya sülhməramlı missiyasından imtina etdi”, - deyə o qeyd edib.

Sabiq erməni nazir müavini qeyd edib ki, Qərb 2023-cü ildə yenə də Ermənistana kömək etməyib.

O bildirib ki, Qarabağın Azərbaycanın nəzarətində keçməsindən sonra İlham Əliyev və Nikol Paşinyan növbəti mərhələyə, Zəngəzura və Zəngəzur dəhlizi məsələsinə keçiblər.

Zakaryanın fikrincə, Avropa İttifaqı da anti-Rusiya gündəmi və enerji maraqları səbəbindən Cənubi Qafqazda möhkəmlənməyə çalışır.

“Düşünürsünüz ki, Avropa İttifaqının bölgəyə gəlməsindən Ermənistan faydalanacaq? Əlbəttə yox. Yenə Azərbaycan qazanacaq”, - deyə o bildirib.

Zakaryan hesab edir ki, Ermənistan-Rusiya münasibətlərinin zəifləməsi fonunda Azərbaycan Avrasiya İqtisadi Birliyi və KTMT-də Ermənistanın malik olduğu funksiyaları öz üzərinə götürməyə çalışır.

Zakaryan bildirib ki, Nikol Paşinyanın hakimiyyətdə qalması Azərbaycan üçün əhəmiyyət daşıyır.

“Qərb buna qarşı deyil, çünki onlar üçün Cənubi Qafqazda Bakı ilə, yoxsa İrəvanla işləmələrinin fərqi yoxdur. Əsas məsələ öz maraqlarıdır. Rusiyada da eyni cür düşünürlər”, - deyə o vurğulayıb.

Sabiq erməni nazir müavini qeyd edib ki, əgər iyunun 7-də “Vətəndaş Müqaviləsi” partiyası məğlub olsa və Ermənistanda hakimiyyət dəyişsə, o zaman Moskva, Vaşinqton, Pekin və Brüssel artıq erməni maraqlarını görməzdən gələ bilməyəcəklər.

“Əgər Nikol Paşinyan yenidən seçilərsə, hesab edin ki, Ermənistanın gələcəyi ilə bağlı məsələlər Bakı və ya Ankarada müzakirə və həll olunacaq. Bunun zəmini son illərdə məhz “Vətəndaş Müqaviləsi” hökuməti tərəfindən yaradılıb”, - deyə Zakaryan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zakaryan   Ermənistan  


Bizi "telegram"da izləyin