Erməni hüquq müdafiəçisi: “Bu, dəhşətli ölüm haqqında seçkiqabağı hekayədir”

2026/05/1779085346.jpg
Oxunub: 362     18:46     19 May 2026    
Erməni hüquq müdafiəçisi Janna Aleksanyan sosial şəbəkə hesabında seçki plakatını cırdığı üçün saxlanılan və daha sonra psixiatriya xəstəxanasına yerləşdirilən sakinin ölümü ilə bağlı paylaşım edib.

Ordu.az xəbər verir ki, erməni hüquq müdafiəçisi bu hadisəni “dəhşətli ölüm haqqında seçkiqabağı hekayə” adlandırıb.

“Seçki plakatını cırdığı üçün saxlanılan, daha sonra isə bu gün səhər polis tərəfindən saxlanılan şəxslərin yerləşdirildiyi məkandan Nubaraşen Psixiatriya Xəstəxanasına aparılan vətəndaş Armen Hovhannisyan intihar edib”, - deyə Aleksanyan bildirib.

Erməıni hüquq müdafiəçisi qeyd edib ki, Armen Hovhannisyan seçki təbliğatına mane olmaqda ittiham olunurdu.

Polisin açıqlamasına istinad edən Aleksanyan bildirib ki, saxlanılan şəxsdə “psixi qeyri-sabit davranış” müşahidə olunub və bundan sonra təcili yardım həkiminin göstərişi ilə o, polis əməkdaşlarının müşayiəti altında psixi sağlamlıq mərkəzinə aparılıb.

“Daha sonra Nubaraşen Psixiatriya Xəstəxanası Daxili İşlər Nazirliyinə məlumat verib ki, vətəndaş özünü asaraq həyatına son qoyub”, - deyə erməni hüquq müdafiəçisi vurğulayıb.

Aleksanyan hadisə ilə bağlı jurnalistlərin və ya vəkillərin hər hansı məlumatının olub-olmadığını soruşaraq bildirib ki, cəmiyyət yalnız polis açıqlamalarına ümid etməməlidir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Aleksanyan   Ermənistan  


Bizi "telegram"da izləyin