HÜRJET-in dəniz əsaslı versiyası üçün işlərə başlanılıb

2026/05/1778834204.jpg
Oxunub: 578     12:31     15 May 2026    
HÜRJET Türkiyə müdafiə aviasiyasındakı rolunu genişləndirərkən, dəniz platformalarından qalxıb-enə biləcək xüsusi versiyası üçün işlər rəsmi şəkildə başlayıb.

Ordu.az xəbər verir ki, “Mavi Vətən” konsepsiyası çərçivəsində hazırlanacaq yeni variantın gələcəkdə aviadaşıyıcılarda və qısa uçuş zolaqlı dəniz platformalarında xidmət göstərə biləcək şəkildə dizayn edilməsi planlaşdırılır.

Dəniz əsaslı HÜRJET gəmi göyərtəsində əməliyyatların tələb etdiyi əlavə struktur gücləndirmələrinə malik olacaq.

Bu çərçivədə təyyarənin eniş şassisi və gövdə quruluşu qısa uçuş zolaqlarına yüksək eniş sürəti ilə edilən sərt enişlərə davam gətirəcək şəkildə yenidən hazırlanacaq.

Bundan əlavə, təyyarənin göyərtədə qısa məsafədə dayana bilməsi üçün gövdənin alt hissəsinə saxlayıcı qarmaq inteqrasiya ediləcək. Açıq dəniz mühitində fəaliyyət göstərəcək HÜRJET-in bütün kritik komponentləri yüksək rütubət və duzlu suyun aşındırıcı təsirlərinə qarşı xüsusi qorunacaq.

Mühərrik komponentləri, gövdə ərintiləri, avionik sistemlər və elektron avadanlıqlar korroziyaya qarşı daha davamlı hala gətiriləcək. Bu proses aviasiyada “marinizasiya” adlandırılır.

Dəniz əsaslı HÜRJET-in Türkiyə Hərbi Dəniz Qüvvələrinin sabit qanadlı hava gücünə mühüm töhfə verməsi gözlənilir.

Platformanın təlim, yüngül hücum, yaxın hava dəstəyi və dəniz əməliyyatlarına dəstək tapşırıqlarında istifadə oluna biləcəyi bildirilir.

HÜRJET beynəlxalq bazarda da diqqətçəkən uğur əldə edib.

İspaniya ilə imzalanmış müqavilə çərçivəsində ilk təyyarələrin 2028-ci ildə təhvil verilməsi planlaşdırılır.

Təyyarələrin 2029 və 2030-cu illərdə təlim fəaliyyətlərində istifadəsinə başlanması, ümumilikdə 30 ədəd HÜRJET-in isə 2030-2035-ci illər arasında İspaniya Hərbi Hava Qüvvələrinin inventarına daxil olması nəzərdə tutulur.

Dəniz əsaslı variantın hazırlanması HÜRJET-in tapşırıq spektrini genişləndirərkən Türkiyənin dəniz aviasiyası sahəsindəki imkanlarını da yeni mərhələyə daşıyacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HÜRJET   Türkiyə  


Bizi "telegram"da izləyin