Ordu.az xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.
Nəşr qeyd edib ki, bunun üçün adada islahatların həyata keçirilməsi şərt kimi irəli sürülüb.
Portalın məlumatına görə, Retkliff Kuba səfəri çərçivəsində Raul Kastronun nəvəsi Raul Gilyermo Rodriqes Kastro, daxili işlər naziri Lasaro Alberto Alvares Kasas və yerli kəşfiyyat rəhbəri ilə görüşlər keçirib.
“Axios” yazır ki, MKİ rəhbəri “əgər Kuba əsaslı dəyişikliklər həyata keçirsə, ABŞ prezidenti Donald Trampın ABŞ-nin iqtisadiyyat və təhlükəsizlik məsələləri üzrə ciddi əməkdaşlığa hazır olduğu barədə mesajını çatdırıb”.
Portal ABŞ administrasiyasındakı mənbələrə istinadən bildirib ki, görüş zamanı Retkliff və Kuba rəhbərliyinin nümayəndələri kəşfiyyat əməkdaşlığı, iqtisadi sabitlik və təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Bunun fonunda qeyd olunub ki, Kuba artıq ABŞ rəqibləri üçün Qərb yarımkürəsində sığınacaq ola bilməz.
Bundan əvvəl Kuba Daxili İşlər Nazirliyi Havanada öz nümayəndəsinin MKİ direktoru ilə görüşü barədə məlumat yayıb.
Nazirliyin bəyanatında vurğulanıb ki, Kuba tərəfinin təqdim etdiyi məlumatlar və Amerika nümayəndə heyəti ilə fikir mübadiləsi göstərib ki, Kuba ABŞ-nin milli təhlükəsizliyi üçün təhdid yaratmır və onun guya terrorizmi dəstəkləyən dövlətlər siyahısında saxlanılması üçün heç bir qanuni əsas yoxdur.
Nazirlik həmçinin qeyd edib ki, ada ərazisində xarici hərbi və ya kəşfiyyat bazaları yoxdur və Kuba heç vaxt ABŞ-yə qarşı düşmən fəaliyyətləri dəstəkləməyib.
Qeyd olunub ki, Kuba öz ərazisindən hər hansı başqa ölkəyə qarşı belə fəaliyyətlərin həyata keçirilməsinə də icazə verməyəcək.
2026-cı il martın 5-də Donald Tramp bəyan etmişdi ki, Vaşinqton İrana qarşı hərbi əməliyyat başa çatdıqdan sonra Kubaya münasibətdə gələcək addımları müəyyənləşdirməyi planlaşdırır.
O, daha əvvəl dəfələrlə ABŞ təzyiqləri nəticəsində Venesueladan Kubaya neft tədarükünün dayandırılmasından sonra Kuba hökuməti və iqtisadiyyatının çöküşə yaxın olduğunu iddia etmişdi.
2026-cı il fevralın 27-də isə Tramp ABŞ-nin “dostcasına şəkildə Kuba üzərində nəzarət qura biləcəyini” bildirmişdi.
Kuba prezidenti Migel Dias-Kanel martın 13-də açıqlamışdı ki, Havana və Vaşinqton ikitərəfli fikir ayrılıqlarının dialoq yolu ilə həllini tapmaq məqsədilə danışıqlar aparıblar.
Bununla yanaşı, “Axios” fevral ayında mənbələrə istinadən xəbər vermişdi ki, ABŞ dövlət katibi Marko Rubio adanın gələcəyini gizli şəkildə Rodriqes Kastro ilə müzakirə edir.
Sevinc Əliyeva
Ordu.az