ABŞ “Leidos” ilə 3 min ədəd aşağı xərcli konteyner tipli qanadlı raketin istehsalı üçün müqavilə imzalayıb

2026/05/1778827563.jpg
Oxunub: 378     10:43     15 May 2026    
ABŞ Müharibə Nazirliyi “Leidos” ilə ABŞ ordusunun uzaqmənzilli dəqiq zərbə imkanlarını gücləndirmək məqsədilə ilkin mərhələdə 3 min ədəd aşağı xərcli konteyner tipli qanadlı raketin istehsalını nəzərdə tutan çərçivə sazişi imzalayıb.

Ordu.az xəbər verir ki, “Low-Cost Containerized Munition” (LCCM) proqramı çərçivəsində hazırlanan yeni raket quru əsaslı istifadə üçün nəzərdə tutulsa da, gələcək mərhələlərdə dəniz və hava platformalarına da inteqrasiya edilə biləcək modul arxitekturaya malik olacaq.

“Leidos”un açıqlamasına görə, inkişaf işləri 2025-ci il dekabrın etibarən başlayıb və Pentaqon ilə koordinasiya şəraitində konsept dizayn prosesi tamamlanıb. Sistem inkişafı və sınaq fəaliyyətlərindən sonra seriyalı istehsalın 2027-ci ildə başlaması planlaşdırılır. Proqram çərçivəsində həyata keçiriləcək fəaliyyətlər şirkətin Alabama ştatındakı Hantsvill və Tennessi ştatındakı “McEwen” müəssisələrində istehsal gücü və işçi qüvvəsinin artırılmasını da əhatə edir.

Yeni raket “Leidos”un öz resursları hesabına maliyyələşdirilən və AGM-190A “Small Cruise Missile” proqramından əldə edilən texnologiyalar əsasında hazırlanır. Şirkətin məlumatına görə, LCCM AGM-190A ilə müqayisədə təxminən iki dəfə böyük olacaq. Bu isə daha çox yanacaq daşımaq, mənzili artırmaq və daha yüksək tapşırıq effektivliyi təmin etmək imkanı verəcək.

LCCM-nin əsas xüsusiyyətləri arasında modul gövdə dizaynı, Ortaq Açıq Sistem Arxitekturası, genişləndirilə bilən istehsal infrastrukturu, quru, dəniz və hava platformalarına uyğunlaşma imkanı və aşağı xərcli seriyalı istehsal yanaşması yer alır. Bu struktur sayəsində sistem müxtəlif tapşırıq ehtiyaclarına uyğun olaraq sürətlə yenilənə biləcək.

“Leidos”un baş direktoru Tom Bell bildirib ki, Müdafiə Nazirliyinin kritik qabiliyyətlərin genişmiqyaslı şəkildə tədarük edilməsinə dair çağırışına cavab verirlər.

Onun sözlərinə görə, əsas məqsəd əməliyyat qabiliyyətinə mümkün olan ən qısa müddətdə çatmaqdır.

Bell əlavə edib ki, müqavilə “Leidos”un raket texnologiyaları sahəsindəki imkanlarına və təhvil qabiliyyətinə duyulan etimadı əks etdirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Leidos  


Bizi "telegram"da izləyin