Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Böyük Britaniya Müdafiə Nazirliyinin açıqlamasına görə, müqavilə Britaniya Ordusu adından Birgə Silahlanma Əməkdaşlığı Təşkilatı (OCCAR) tərəfindən KNDS və “Rheinmetall” şirkətlərinin ortaq müəssisəsi olan “ARTEC GmbH” ilə imzalanıb.
İlk təhvilin 2028-ci ildə başlaması, sistemin minimum əməliyyat qabiliyyətinə isə onilliyin sonuna qədər çatması planlaşdırılır. Böyük Britaniya müharibənin ilk dövründə Ukraynaya verdiyi AS90 haubitsaları səbəbindən yaranan artilleriya boşluğunu RCH 155 sistemi ilə doldurmağı hədəfləyir.
Britaniya Baş Qərargah rəisinin müavini general-leytenant Saymon Hamilton bildirib ki, Ukraynaya artilleriya sistemləri təqdim etməklə öz döyüş qabiliyyətlərində boşluq yaranacağını bilirdilər.
Onun sözlərinə görə, Almaniya ilə birlikdə həyata keçirilən RCH 155 proqramı bu qabiliyyətin yenidən əldə olunması istiqamətində atılan ilk böyük addımdır.
RCH 155 “Boxer” təkərli zirehli platforması üzərinə inteqrasiya edilmiş uzaqdan idarə olunan 155 mm-lik top sistemindən ibarətdir. Sistemin əsas xüsusiyyətləri arasında 70 kilometr maksimum mənzil, dəqiqədə 8 atış sürəti, saatda 100 kilometrədək sürət, tam avtomatik qüllə və yalnız iki nəfərlə idarə olunma imkanı yer alır.
Yüksək avtomatlaşdırma səviyyəsi sayəsində sistem atəş tapşırığını yerinə yetirdikdən sonra qısa müddətdə mövqeyini dəyişərək əks-batareya atəşindən qorunma qabiliyyətini artırır. Proqram çərçivəsində lülə, sürgü, geri təpmə sistemi və digər əsas top komponentləri “Rheinmetall”ın Telford müəssisəsində istehsal olunacaq. İstifadə ediləcək polad isə “Sheffield Forgemasters” tərəfindən təmin ediləcək.
“Boxer” şassilərinin istehsalı isə KNDS UK tərəfindən Stokportdakı müəssisədə həyata keçiriləcək. Proqramın birbaşa və dolayı olaraq təxminən 500 nəfərlik məşğulluq yaratması gözlənilir. Böyük Britaniyanın müdafiə naziri Con Hili bildirib ki, bu böyük investisiya yalnız döyüş meydanı üçün deyil, Britaniya iqtisadiyyatı üçün də mühüm nəticələr doğuracaq.
Onun sözlərinə görə, Almaniya ilə birlikdə yeni nəsil artilleriya sistemləri tədarük etməklə NATO gücləndirilir və ölkədə yüksək ixtisaslı iş yerləri yaradılır. Almaniyanın müdafiə naziri Boris Pistorius isə qeyd edib ki, RCH 155 artilleriya bölmələrinin atəş gücünü, təhlükəsizliyini və çevikliyini əhəmiyyətli dərəcədə artıracaq.
Müvəqqəti həll olaraq İsveçdən alınan “Archer” haubitsaları RCH 155 sistemləri xidmətə qəbul edilənə qədər Britaniya ordusunun inventarında qalacaq.
Sevinc Əliyeva
Ordu.az