Budapeştdə Orban epoxasının sonu: Macarıstan Rusiyanın “peyk” orbitindən çıxır

2026/05/1778825547.jpg
Oxunub: 671     10:11     15 May 2026    
Mayın 12-də Macarıstan hökumətinin on altı üzvü and içərək vəzifələrinin icrasına başlayıblar. Xarici işlər naziri vəzifəsinə Anita Orban təyin edilib. O, keçmiş baş nazirlə eyni soyadı daşısa da, onunla heç bir qohumluq əlaqəsi yoxdur. Bundan əvvəl Rusiya mediasında Viktor Orbanın seçkilərdə məğlub olmasına baxmayaraq, xarici işlər naziri Peter Siyartonun “təcrübəli diplomat kimi fəaliyyətini davam etdirəcəyi” barədə məlumat yayılmışdı.

Lakin həmin məlumat təsdiqini tapmayıb. Xarici işlər naziri Anita Orban parlamentin profil komissiyasında namizədliyinin müzakirəsi zamanı bəyan edib ki, Macarıstan artıq “Avropa Komissiyası Rusiyaya qarşı yeni və daha sərt sanksiyaların qəbul edilməsini zəruri hesab edərsə, buna mane olmayacaq”.

Ukraynanın Avropa İttifaqına üzvlüyü məsələsinə gəldikdə isə, Rusiyanın “Kommersant” nəşrinin yazdığına görə, Macarıstanın mövqeyi “dəyişməz olaraq qalır və Kiyev ölkənin qərb vilayətlərində yaşayan etnik macar əhalisinin hüquqları ilə bağlı problemi həll etməlidir”.

Ukrayna Xarici İşlər Nazirliyi Macarıstan tərəfinin açıqlamasına çox sürətlə reaksiya verib. Xarici işlər naziri Sibiqa bildirib ki, Ukrayna “təkliflər paketini təqdim etməyə və maraqlı müzakirələrə başlamağa hazırdır”. Bu müzakirələrin hansı istiqamətdə davam edəcəyi hələlik məlum deyil. Həmçinin Kiyevin kiminlə, Macarıstan hökuməti, yoxsa Zakarpatiyada yaşayan macar icmasının nümayəndələri ilə danışıqlara başlamağa hazırlaşdığı da bilinmir.

Görünən odur ki, Moskva Ukrayna daxilində yeni gərginlik ocağı yaratmağa çalışır. Mayın 13-nə keçən gecə Rusiya Silahlı Qüvvələri Ukraynanın qərb bölgələrinə, xüsusilə də Ujqorod şəhərinə pilotsuz uçuş aparatları ilə zərbələr endirib və nəticədə elektrik yarımstansiyası zədələnib. Məlumatlara görə, mayın 14-də Rusiyanın Budapeştdəki səfiri Macarıstan Xarici İşlər Nazirliyinə çağırılacaq və o, “izahat verməli olacaq”.

Macarıstanın baş naziri Peter Macar hökumətin formalaşdırılması münasibətilə etdiyi çıxışda ölkənin xarici siyasəti barədə ümumi ifadələrlə danışıb. Maraqlıdır ki, mayın 15-də Astanada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə görüşünün keçirilməsi planlaşdırılır. Hələlik Peter Macarın TDT zirvə görüşündə iştirak edib-etməyəcəyi məlum deyil. Lakin bir məsələ artıq demək olar ki, reallığa çevrilib, Macarıstan artıq Ukrayna məsələsində Viktor Orbanın hakimiyyəti dövründəki mövqeni nümayiş etdirməyəcək.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Macarıstan   Rusiya   Budapeşt  


Bizi "telegram"da izləyin