EFES 2026-da yerli müdafiə sistemləri ilk dəfə sahəyə çıxır

2026/05/1778765637.jpg
Oxunub: 377     17:29     14 May 2026    
Türkiyə Silahlı Qüvvələrinin İzmir şəhərində keçirdiyi EFES 2026 Birgə, Müştərək və Döyüş Atışlı Sahə Təlimində “Panter” topu, KARAOK tank əleyhinə silahı, Xüsusi Məqsədli Taktiki Təkərli Zirehli Nəqliyyat Vasitəsi və “Karayel” qayığı da daxil olmaqla 50 silah və sistem ilk dəfə sahədə istifadə olunacaq.

Ordu.az xəbər verir ki, Ege Ordusu Komandanlığının idarəçiliyi ilə keçirilən təlimə 50 ölkədən 10 mindən çox şəxsi heyət qatılır.

20 aprel-21 may tarixləri arasında icra olunan EFES 2026 təlimi Türkiyə Silahlı Qüvvələrinin birgə əməliyyat qabiliyyətini inkişaf etdirməyi, müasir döyüş imkanlarını daha yüksək səviyyəyə daşımağı və çəkindirməni artırmağı hədəfləyir. Təlimə türk bölmələri ilə yanaşı, müşahidəçi, bölmə və müxtəlif hərbi elementlərlə çoxsaylı xarici ölkələr də iştirak edir.

Təlim çərçivəsində Qartal ordugahı bölgəsində “Hava Hücum Əməliyyatı və Qarışıq Bölmə Keçid Açma Təlimləri” həyata keçirilib. Bundan başqa, iştirakçı ölkələrin bayraqları, Türk bayrağı və EFES 2026 flamasının yer aldığı “Bayraq Atlayışı Fəaliyyəti” təşkil olunub.

Türkiyə müdafiə sənayesinin yerli və milli sistemləri də təlimdə önə çıxan başlıqlar arasında yer alıb. İlk dəfə istifadə olunan 50 silah və sistemin sahədəki performansının Türkiyə Silahlı Qüvvələrinin əməliyyat çevikliyinə və birgə əməliyyat qabiliyyətinə töhfə verməsi gözlənilir.

Xüsusi Müşahidəçi Gününün 20-21 may tarixlərində keçirilməsi planlaşdırılan EFES 2026 çərçivəsində əlavə olaraq Müdafiə Sənayesi Sərgisi açılacaq. Sərgidə Türkiyə müdafiə sənayesi şirkətlərinin hazırladığı yerli və müasir texnologiyalar sərgi konsepsiyası ilə nümayiş etdiriləcək.

Müdafiə Sənayesi Sərgisinin mayın 16-da İzmirin Seferihisar rayonundakı Doğanbəy Atış və Təlim Bölgəsində açılması planlaşdırılır. Universitetlərarası “EFES-2026 Müdafiə Elm və Texnologiyaları” layihə yarışmasında seçilən işlər də sərgidə yer alacaq.

EFES seriyası təlimlər Türkiyənin birgə qüvvə əməliyyatı, amfibiya əməliyyatı, atəş dəstəyi koordinasiyası və çoxmillətli hərbi inteqrasiya qabiliyyətlərini nümayiş etdirdiyi ən böyük hərbi təşkilatlar arasında yer alır. Təlimdə ilk dəfə sahəyə çıxan yerli müdafiə sistemlərinin Türkiyə müdafiə sənayesinin əməliyyat inkişafı səviyyəsini göstərməsi baxımından kritik əhəmiyyət daşıdığı qiymətləndirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: EFES   2026   Təlim  


Bizi "telegram"da izləyin