Ordu.az xəbər verir ki, Fransada yerləşən müdafiə şirkəti olan “Safran Electronics & Defense” ilə “Baykar” arasında bağlanan anlaşma ağıllı sursatlar, qabaqcıl naviqasiya sistemləri və elektro-optik texnologiyalar üzrə birgə hazırlıq fəaliyyətlərini əhatə edir.
Tərəflər öz texniki imkanlarını bir araya gətirərək yeni nəsil inteqrə olunmuş həllər inkişaf etdirməyi hədəfləyir. “Safran” müşahidə, naviqasiya və zaman sinxronlaşdırma sahəsindəki texnologiyalarını təqdim edəcək, “Baykar” isə sahədə özünü sübut etmiş pilotsuz uçuş aparatı inkişafı və əməliyyat istifadəsi təcrübəsi ilə layihəyə töhfə verəcək.
Əməkdaşlıq çərçivəsində “Safran”ın inkişaf etmiş elektro-optik sistemi “Euroflir” “Bayraktar” TB2 platformasına inteqrasiya olunacaq. Sözügedən inteqrasiya ilə TB2-nin kəşfiyyat, müşahidə və hədəf aşkarlama imkanlarının genişləndirilməsi nəzərdə tutulur.
Anlaşma çərçivəsində həmçinin elektro-optik sensorları, naviqasiya sistemlərini və idarə olunan sursat texnologiyalarını bir araya gətirən inteqrə olunmuş həllərin birgə hazırlanması planlaşdırılır. Bu həllərin həm pilotsuz uçuş aparatı platformalarında, həm də hava-yer tapşırıqlarında istifadə olunması nəzərdə tutulur.
İki şirkətin hazırlanacaq sistemləri beynəlxalq bazarda birgə təqdim etmək barədə də razılığa gəldiyi bildirilib. Bununla tərəflər arasında texnoloji, əməliyyat və ticarət əməkdaşlığının daha da dərinləşdirilməsi hədəflənir.
“Baykar”ın baş direktoru Haluk Bayraktar anlaşmanın strateji əməkdaşlıq baxımından mühüm mərhələ olduğunu bildirərək deyib:
“Safran Electronics & Defense” ilə imzaladığımız anlaşma memorandumu strateji əməkdaşlığımızın inkişafında mühüm mərhələni təmsil edir. Bu tərəfdaşlıq vasitəsilə yenilikçi həllər təqdim etməyi və beynəlxalq bazarda yeni imkanların yolunu açmağı hədəfləyirik”.
“Safran Electronics & Defense”in müdafiə fəaliyyətləri direktoru Aleksandr Zieqler isə açıqlamasında deyib:
“Euroflir” elektro-optik sistemlərimizin, eləcə də inkişaf etmiş yerləşdirmə, naviqasiya və zaman sinxronlaşdırma texnologiyalarımızın “Baykar” TB2 pilotsuz uçuş aparatlarına inteqrasiyası əməliyyat göstəriciləri baxımından yeni mərhələni təmsil edir. “Baykar” ilə birlikdə TB2 platformalarına yüksək dəqiqlik və inkişaf etmiş kəşfiyyat qabiliyyəti qazandırmaqdan qürur duyuruq. Bu əməkdaşlıq müdafiə sahəsində taktiki tapşırıqların gücləndirilməsinə töhfə verəcək”.
“Baykar” son illərdə xüsusilə “Bayraktar” TB2 və “Bayraktar” AKINCI platformaları ilə qlobal pilotsuz uçuş aparatı bazarının ən diqqətçəkən istehsalçılarından birinə çevrilib. Şirkətin “Bayraktar” TB2 üçün 36 ölkə, “Bayraktar” AKINCI üçün isə 16 ölkə ilə ixrac sazişi imzaladığı açıqlanıb.
Sevinc Əliyeva
Ordu.az