Ordu.az xəbər verir ki, bu barədə “Defense News” məlumat yayıb.
Məlumata görə, ABŞ ordusu 1-ci Süvari Diviziyası və 2-ci Zirehli Briqadanın Polşaya göndərilməsini dayandırıb.
Qərar hərbi rəsmilər tərəfindən təsdiqlənsə də, ləğvin səbəbi ilə bağlı ətraflı açıqlama verilməyib.
“Defense News”un məlumatına görə, göndərişin ləğv edilməsinin əsas səbəbi büdcə çatışmazlığı hesab olunur.
Senatın Silahlı Xidmətlər Komitəsinin üzvü Cek Rid ordunun sərhəd nəzarəti və Vaşinqtondakı uzunmüddətli tapşırıqlar səbəbindən ən azı 2 milyard dollar büdcə kəsiri ilə üzləşdiyini bildirib.
Bəzi hesabatlara görə isə bu kəsir 4-6 milyard dollar arasında dəyişir.
Qərarın rəsmi açıqlamasından əvvəl göndərişdən təsirlənəcək hərbçilər arasında xəbərin sürətlə yayıldığı qeyd olunub.
Bir çox hərbçinin ailə üzvlərinə və dostlarına vəziyyətlə bağlı mesaj göndərdiyi bildirilib.
Halbuki Texasda yerləşən “Black Jack” briqadası mayın 1-də mərasimlə bayraqlarını endirərək 9 aylıq missiya üçün hazırlıqlarını tamamlamışdı.
Pentaqon ötən ilin aprel ayında Almaniyadan təxminən 5 min hərbçinin geri çəkiləcəyini açıqlamışdı.
ABŞ müharibə naziri Pit Heqset tərəfindən təsdiqlənən qərarın məqsədi Avropadakı ABŞ hərbi mövcudluğunu 2022-ci ildən əvvəlki səviyyəyə endirməkdir.
Hazırda Polşada rotasiya əsasında 10 mindən çox ABŞ hərbçisi xidmət edir.
Polşadakı mövcud birliklərin bir hissəsinin və tranzitdə olan texnikanın taleyi isə hələ də qeyri-müəyyən olaraq qalır.
Sevinc Əliyeva
Ordu.az