Belçikanın müdafiə naziri Türkiyəni müdafiə sənayesində rol modeli adlandırıb

2026/05/1778747617.jpg
Oxunub: 510     12:25     14 May 2026    
Belçikanın müdafiə naziri Teo Franken Türkiyənin müdafiə sənayesində son illərdə əldə etdiyi nailiyyətlərin son dərəcə təsirli olduğunu bildirərək, Belçikanın bu sahədəki transformasiyasında Türkiyəni nümunə götürdüklərini deyib.

Ordu.az xəbər verir ki, “TRT Haber”ə danışan Franken pilotsuz sistemlər, süni zəka, radioelektron mübarizə və dəniz platformaları başda olmaqla Türkiyə ilə müdafiə sənayesi əməkdaşlığını inkişaf etdirmək istədiklərini bildirib.

“Belçikanın müdafiə naziri olduğum andan etibarən ilk hədəfim Türkiyəni nümunə götürmək oldu”, - deyə Franken qeyd edib.

Türkiyənin müdafiə sənayesindəki inkişafı yaxından izlədiyini bildirən Franken daha əvvəl “Baykar” və TUSAŞ müəssisələrini ziyarət etdiyini xatırladıb. “Türkiyədə gördüklərimiz həqiqətən bizi heyrətləndirdi. İnkişaf etdirdiyiniz texnologiyalar, innovativ yanaşmanız və çatdığınız səviyyə son dərəcə təsirlidir”, - deyə o bildirib.

Belçikalı nazir ölkəsinin pilotsuz uçuş aparatları, süni zəka və radioelektron mübarizə kimi sahələrdə Türkiyənin təcrübəsindən faydalanmaq istədiyini vurğulayıb. Franken ziyarət etdiyi sistemlər arasında xüsusilə “Bayraktar Kızılelma”nın onu təsirləndirdiyini bildirib. O, döyüş təyyarələri, pilotsuz sistemlər və dəniz platformalarının da diqqətçəkici olduğunu qeyd edib.

Franken Türkiyənin freqat və hava hücumundan müdafiə esminesi layihələrini də yaxından araşdırdıqlarını deyib. “Kızılelma” həqiqətən möhtəşəmdir. O, bizdə olmayan bir çox imkanlara malikdir. Bundan əlavə, gəmiqayırma zavodlarında gördüyümüz freqat layihələri də son dərəcə təsirlidir”, - deyə Franken vurğulayıb.

Nazir Türkiyə ilə Belçika arasında imzalanan niyyət məktubunun iki ölkə arasında müdafiə sənayesi əməkdaşlığını daha da dərinləşdirəcəyini bildirib. Franken Avropa İttifaqının müdafiə maliyyələşdirmə mexanizmlərinə də toxunaraq Türkiyənin SAFE proqramına daxil edilməsinin vacib olduğunu müdafiə edib. “Türkiyədən öyrənəcəyimiz çox şey var. Avropa İttifaqı da Türkiyə ilə daha yaxın işləməlidir”, - deyə o bildirib.

Franken Türkiyənin NATO daxilindəki mövqeyinə də diqqət çəkərək Türkiyə Silahlı Qüvvələrinin əməliyyat təcrübəsinin onu Avropa təhlükəsizliyi üçün əvəzolunmaz müttəfiqə çevirdiyini vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Belçika   Türkiyə  


Bizi "telegram"da izləyin