ABŞ 700 milyard dollarlıq nüvə döyüş gəmisi proqramına start verir

2026/05/1778668542.jpg
Oxunub: 459     14:37     13 May 2026    
ABŞ donanması 2027-vi maliyyə ili gəmiqayırma planı çərçivəsində BBG(X) adlandırılan yeni nəsil nüvə enerjili döyüş gəmisi proqramını rəsmi olaraq başladıb.

Ordu.az xəbər verir ki, proqram təkcə yeni platforma deyil, həm də ABŞ-nin dəniz döyüş doktrinasında köklü dəyişiklik kimi qiymətləndirilir.

Uzun illərdir hazırlanan DDG(X) esminesi proqramının ləğv edilməsi ilə ABŞ donanması daha iri, yüksək enerji istehsal qabiliyyətinə malik və uzunmüddətli raket döyüşlərinə uyğun yeni nəsil ağır suüstü döyüş gəmilərinə yönəlib. Proqramın ümumi dəyərinin isə 2090-cı ilə qədər 700 milyard dollar səviyyəsinə çatacağı bildirilir.

2027 maliyyə ili üzrə 30 illik gəmiqayırma planına daxil edilən BBG(X) ABŞ Donanmasının yeni “yüksək səviyyəli suüstü döyüş gəmisi” kimi təqdim olunur. Proqram çərçivəsində 2055-ci ilədək ümumilikdə 15 ədəd nüvə enerjili döyüş gəmisinin əldə edilməsi planlaşdırılır.

Yeni platforma uzun mənzilli hücum, donanma səviyyəsində komanda-idarəetmə, raketdən müdafiə və rabitənin sıx təzyiq altında olduğu Hind-Sakit okean ssenarilərində uzunmüddətli tapşırıqlar üçün optimallaşdırılır. ABŞ donanmasının mövcud “Arleigh Burke” esmineslərinin enerji istehsalı, daxili həcm, soyutma infrastrukturu və gələcək silah sistemləri üçün böyümə qabiliyyəti baxımından kifayət etmədiyi qənaəti bu dəyişimin əsas səbəblərindən biri kimi önə çıxır.

41 min tonluq nəhəng platforma

BBG(X) döyüş gəmilərinin 35 min ilə 41 min ton arasında deplasmana sahib olacağı gözlənilir. Bu göstərici “Arleigh Burke Flight III” esmineslərinin təxminən üç-dörd qatına, “Zumwalt” sinfinə məxsus esmineslərin isə iki dəfədən də böyük platformasına işarə edir.

Gəmilərin təxminən 271 metr uzunluğa, 32 metr enə və 10 metr suya oturma dərəcəsinə sahib olacağı gözlənilir.

BBG(X)-in hipersəs raketlər, iri həcmli şaquli buraxılış qurğuları, elektromaqnit rels topları, yüksək güclü lazer sistemləri, qabaqcıl radar paketləri və radioelektron mübarizə sistemləri ilə təchiz edilməsi planlaşdırılır.

Platforma həmçinin donanma səviyyəsində komanda mərkəzi funksiyasını da daşıyacaq. ABŞ donanmasının yeni konsepsiyası rabitə infrastrukturunun sıxışdırıldığı, peyklərin sıradan çıxarıldığı və intensiv raket salvo hücumlarının baş verdiyi ssenarilərdə dənizdə yaşaya bilən komanda düyünləri yaratmağı hədəfləyir.

Xüsusilə Çinin girişin məhdudlaşdırılması və əraziyə nəzarət qabiliyyətlərinə qarşı aparılan Hind-Sakit okean döyüş simulyasiyalarının bu tip iri və dayanıqlı platforma ehtiyacını sürətləndirdiyi bildirilir.

Nüvə hərəkət sisteminə dönüş

Proqramın ən diqqət çəkən tərəflərindən biri də nüvə hərəkət sisteminə keçiddir. Daha əvvəl 2027 maliyyə ili büdcə sənədlərində hibrid hərəkət sistemi nəzərdən keçirilərkən, donanma rəhbərliyinin hipersəs silahlar, yönləndirilmiş enerji sistemləri və iri sensor şəbəkələrinin tələb etdiyi fasiləsiz enerji istehsalının yalnız nüvə enerjisi ilə təmin edilə biləcəyi qənaətinə gəldiyi qeyd olunur.

Beləliklə BBG(X), USS “Long Beach”, USS “Bainbridge” və Virginia sinfinə məxsus nüvə kreyserlərinin təqaüdə ayrılmasından sonra ABŞ-nin hazırladığı ilk nüvə suüstü döyüş gəmisi olacaq.

BBG(X) proqramında xərc təqvimi dəqiqləşib

Proqramın 2027-ci ildə 1 milyard dollarlıq ilkin tədarük büdcəsi ilə başlaması planlaşdırılır. İlk BBG(X) platforması üçün 2028 maliyyə ilində təxminən 17 milyard dollar vəsait ayrılması nəzərdə tutulur. İkinci gəmi üçün 2030-cu ildə 13 milyard dollar, üçüncü gəmi üçün isə 2031-ci ildə 11 milyard dollarlıq büdcə planlaşdırılır.

İlk gəminin müqaviləsinin 2028-ci ilin aprelində verilməsi, inşasının 2028-ci ilin avqustunda başlaması və təhvilin 2036-cı ilin avqustunda həyata keçirilməsi hədəflənir. Sonrakı platformaların isə iki ildən bir istehsal ediləcəyi bildirilir.

ABŞ donanmasının hesablamalarına görə, yalnız 15 gəmidən ibarət parkın tədarük xərci təxminən 217,6 milyard dollar səviyyəsinə çata bilər. Lakin keçmiş ABŞ dəniz proqramlarında yaşanan xərc artımları, nüvə texniki xidmət prosesləri, modernləşdirmə fəaliyyəti, raket ehtiyatları və infrastruktur yatırımları ilə birlikdə ümumi həyat dövrü xərcinin 700 milyard dollar səviyyəsinə yüksələ biləcəyi qeyd olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Gəmi  


Bizi "telegram"da izləyin