Britaniya Hörmüz boğazına yeni qüvvələr göndərəcək

2026/05/Ekran-1778668473.jpg
Oxunub: 534     14:32     13 May 2026    
Britaniya Müdafiə Nazirliyi “Hörmüz boğazının təhlükəsizliyi və regional maraqların müdafiəsi” çərçivəsində bölgəyə yeni elementlərin göndəriləcəyini açıqlayıb.

Ordu.az xəbər verir ki, Britaniya və Fransanın həmsədrlik etdiyi, 40-dan çox ölkənin müdafiə nazirlərinin iştirakı ilə onlayn toplantı keçirilib.

Britaniya Müdafiə Nazirliyi tərəfindən yayımlanan rəsmi açıqlamaya görə, keçirilən yüksək səviyyəli görüşdə Hörmüz boğazının təhlükəsizliyinin təmin edilməsi əsas gündəm maddəsi olub.

Bu çərçivədə bölgədə “Britaniya maraqlarını, müttəfiqlərini müdafiə etmək və boğazın təhlükəsizliyini təmin etmək” məqsədilə hazırda Şərqi Aralıq dənizində xidmət edən HMS “Dragon” gəmisinin bölgəyə yönləndirildiyi bildirilib. Nazirliyin açıqlamasına görə, bölgəyə göndəriləcək HMS “Dragon”a əlavə olaraq, vəzifə qüvvəsi çərçivəsində döyüş təyyarələrinin, pilotsuz minalardan təmizləmə sistemlərinin, pilotsuz uçuş aparatlarına qarşı tədbir sistemlərinin və bu sahədə ixtisaslaşmış minatəmizləmə heyətinin də göndəriləcək elementlər arasında yer aldığı qeyd olunub.

Sözügedən hərbi imkanların dəstəklənməsinə yönəlmiş maliyyə addımları da açıqlanıb. Bu çərçivədə minalardan təmizləmə və pilotsuz uçuş aparatlarına qarşı tədbir sistemlərinin tədarükü və istifadəsi üçün 115 milyon sterlinq həcmində fond ayrılacağı bildirilib. Məsələ ilə bağlı dəyərləndirmə edən Britaniya müdafiə naziri Con Hili aşağıdakı ifadələri işlədib:

“Britaniya Hörmüz boğazının təhlükəsizliyinin təmin edilməsində aparıcı rol oynayır. Bu gün də bölgədəki maraqlarımızı qorumaq üçün ən son texnologiyadan istifadə etməklə bunu nümayiş etdiririk. Bu fond kommersiya gəmi daşımalarını gücləndirməyə və münaqişənin ölkəmizdəki insanlar üzərində yaratdığı yükü azaltmağa yönəlmiş güclü və aydın bir öhdəlikdir”.

Bölgədəki mövcud hərbi varlıq

Hazırda bölgədəki hərbi bazalarında 1000-dən çox şəxsi heyət yerləşdirilən Britaniya İsrail və ABŞ-nin İrana qarşı hücumlarının başlanmasının ardından bölgədəki hərbi mövqeyini gücləndirib. Bu çərçivədə müttəfiqlərlə koordinasiyalı şəkildə bölgəyə əlavə döyüş təyyarələri, pilotsuz uçuş aparatlarına qarşı qabiliyyəti artırılmış helikopterlər, kəşfiyyat-müşahidə helikopterləri, avtonom minalardan təmizləmə sistemləri, hava hücumundan müdafiə sistemləri və hərbi şəxsi heyətin göndərildiyi bildirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Hörmüz  


Bizi "telegram"da izləyin