Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Şirkətin açıqlamasına görə, “Otokar” Avropadakı müdafiə sənayesi mövcudluğunu gücləndirməyə davam edir.
Şirkət Rumıniyanın paytaxtı Buxarestdə keçirilən BSDA 2026 sərgisində üç maşınla iştirak edir.
“Otokar”ın Rumıniyada həyata keçirdiyi 1059 ədəd zirehli maşın layihəsi çərçivəsində yerli istehsal edilən ilk COBRA II ilk dəfə BSDA sərgisində nümayiş olunur.
“Otokar” üç gün davam edəcək tədbirdə yüksək atəş gücü və hərəkət qabiliyyəti ilə seçilən TULPAR modul zirehli tırtıllı maşınını da ziyarətçilərə təqdim edir.
Şirkətin stendində Rumıniyanın aparıcı müdafiə şirkətlərindən “BlueSpace Technologies” və Türkiyənin avtonom sistemlər sahəsində fəaliyyət göstərən “Elektroland” şirkəti ilə əməkdaşlıq çərçivəsində Rumıniya üçün hazırlanmış yeni nəsil insansız quru platforması da sərgilənir.
“Otokar”ın Baş direktoru Aykut Özünər bildirib ki, müdafiə sənayesində texnologiya transferi və yerli istehsal vasitəsilə Türkiyə yeni uğurlara imza atmağa davam edir.
O qeyd edib: “COBRA II-nin Avropa İttifaqı sərhədləri daxilində istehsal edilən ilk türk zirehli maşını olmasından qürur duyuruq. Biz yalnız dost və müttəfiq ölkə Rumıniyaya NATO standartlarına uyğun zirehli maşın istehsal qabiliyyəti qazandırmırıq, həm də Rumıniyanı Avropadakı müdafiə təchizat proseslərimizi idarə edəcəyimiz strateji mərkəz kimi qiymətləndiririk”.
“Otokar” 2024-cü ildə Rumıniya Milli Müdafiə Nazirliyinin elan etdiyi ümumilikdə 1059 maşınlıq tenderin qalibi olmuşdu.
Təxminən 857 milyon avro dəyərindəki müqavilə çərçivəsində 270-dən çox COBRA II Türkiyədə istehsal edilərək Rumıniya ordusuna təhvil verilmişdi.
COBRA II maşınları ötən aylarda Rumıniyada xidmətə başlamışdı. Rumıniyada yerli istehsal ediləcək maşınların ilk nümunəsi isə yaxın günlərdə istehsal xəttindən çıxaraq BSDA sərgisində nümayiş olunub.
“Otokar” sərgidə həmçinin TULPAR-ı və iki tərəfdaş şirkətlə birlikdə hazırladığı insansız quru platformasını da nümayiş etdirir.
“Otokar”ın Hərbi Maşınlar üzrə Baş direktor müavini Sədəf Vehbi bildirib ki, şirkət Rumıniya və bölgədə tırtıllı maşınlar üzrə etibarlı tərəfdaş olmağı hədəfləyir.
Vehbi qeyd edib: “Rumıniyanın və bölgənin bütün quru sistemi ehtiyaclarına cavab verməyə hazırıq. Rumıniya Silahlı Qüvvələrinin və bölgənin zirehli döyüş maşını ehtiyacları üçün TULPAR zirehli maşınının ən ideal həll olduğuna inanırıq”.
Vehbi əlavə edib ki, bölgədəki insansız quru platforması ehtiyacını qarşılamaq məqsədilə “Otokar”, “BlueSpace Technologies” və “Elektroland” tərəfindən yaradılmış konsorsium Rumıniya müdafiə sənayesi ekosistemini gücləndirməyi və insansız sistemlər sahəsində davamlı yerli imkan yaratmağı hədəfləyir.
Dünyada 13 ölkədə 20-dən çox istifadəçi tərəfindən seçilən COBRA II yüksək hərəkət qabiliyyəti və üstün qoruma xüsusiyyətləri ilə seçilir.
28 tondan 45 tona qədər genişlənə bilən modul quruluşa malik TULPAR isə müxtəlif tapşırıq profillərinə asanlıqla uyğunlaşa bilir.
NATO sistemləri ilə uyğun modulyar 6x6 platforması olan yeni nəsil insansız quru platforması da geniş tapşırıq spektrinə uyğun şəkildə hazırlanıb.
Sevinc Əliyeva
Ordu.az