ASFAT TF-2000 HHM esminesini 2027-ci ildə suya endirməyi hədəfləyir

2026/05/Ekran-1778667677.jpg
Oxunub: 420     14:20     13 May 2026    
ASFAT-ın Baş direktoru professor Mustafa İlbaş “SAHA Expo 2026” sərgisində Türkiyənin müdafiə platformalarına yönəlmiş texniki xidmət, təmir və modernləşdirmə imkanlarının xaricdə böyük maraq gördüyünü bildirib.

Ordu.az xəbər verir ki, Mustafa İlbaş dost və müttəfiq ölkələrin təyyarə, mühərrik və digər müdafiə platformalarını texniki xidmət və modernləşdirmə üçün Türkiyəyə göndərməyə başladığını deyib.

Milli Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən ASFAT-ın 27 hərbi zavod və 10 hərbi gəmiqayırma zavodunun imkan və bacarıqlarından istifadə etdiyini xatırladan İlbaş şirkətin xüsusilə texniki xidmət, təmir və təkmilləşdirmə fəaliyyətlərinə fokuslandığını vurğulayıb.

İlbaş bildirib: “Müdafiə sənayesində davamlılıq üçün texniki xidmət, təmir və modernləşdirmə fəaliyyəti kritik əhəmiyyət daşıyır. Platformaları uzun illər xidmətdə saxlamağın yolu bu bacarıqdan keçir”.

Türkiyənin MRO sahəsindəki bacarıqlarının artıq konkret nəticələr verdiyini qeyd edən İlbaş Seneqal Hərbi Hava Qüvvələrinə məxsus CASA CN-235 təyyarəsinin texniki xidmət və təmir üçün Kayseriyə gətirildiyini açıqlayıb.

İlbaş Afrika, Avropa və Yaxın Şərqdən bir çox ölkə ilə oxşar layihələr üzrə danışıqların davam etdiyini bildirib.

“Artıq dost və müttəfiq ölkələr təyyarələrini və digər platformalarını Türkiyəyə göndərərək texniki xidmət və modernləşdirmə xidməti alırlar”, - deyə o qeyd edib.

ASFAT Türkiyə Silahlı Qüvvələrinin inventarındakı təyyarə, helikopter, tank və gəmilərin texniki xidmət, təmir və modernləşdirmə fəaliyyətlərini də həyata keçirir.

İlbaş yeni nəsil platformalara yönəlmiş texniki xidmət imkanlarının daim inkişaf etdirildiyini və bu sahədə texniki infrastrukturun gücləndirildiyini vurğulayıb.

TF-2000 hava hücumundan müdafiə esminesi layihəsi ilə bağlı danışan İlbaş ASFAT-ın layihənin əsas podratçısı kimi işlərini davam etdirdiyini bildirib.

İlbaş gəminin blok inşa prosesinin planlaşdırıldığı kimi davam etdiyini və ilk altı blokun inşasının tamamlandığını açıqlayıb.

Mustafa İlbaş bildirib ki, TF-2000-in rəsmi təqvimə əsasən 2028-ci ildə suya endirilməsi nəzərdə tutulur. Lakin ASFAT-ın hədəfi gəmini 2027-ci ildə suya endirməkdir.

İlbaş qeyd edib: “2031-ci il üçün açıqlanan təhvil hədəfində hər hansı gecikmə gözləmirik”.

TF-2000 layihəsində mümkün olan ən yüksək səviyyədə yerli və milli sistemlərə üstünlük verildiyini vurğulayan İlbaş gəminin “degaussing” sisteminin TÜBİTAK BİLGEM tərəfindən hazırlanacağını bildirib.

Qeyd olunur ki, bu yanaşma Türkiyənin kritik dəniz platformalarında xarici asılılığı azaltmaq strategiyasının bir hissəsidir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASFAT   TF-2000   Esmines  


Bizi "telegram"da izləyin