Ordu.az xəbər verir ki, CNN telekanalı bu barədə Harvard Kennedi Məktəbinin eksperti Linda Bilmsin qiymətləndirməsinə istinadən məlumat yayıb.
Ekspert hesablamalarda yalnız qısamüddətli xərcləri deyil, uzunmüddətli perspektivi də nəzərə alıb. Bildirilir ki, ABŞ-nin sursat ehtiyatlarını, o cümlədən yüksək dəqiqlikli silahları bərpa etməsi üçün bir ildən artıq vaxt lazım olacaq.
Məlumata görə, hazırda buraxılan bir “Tomahawk” raketinin dəyəri təxminən 2 milyon dollar qiymətləndirilsə də, onun yenidən istehsalı 3,5 milyon dollara başa gələ bilər.
Bundan əlavə, münaqişədə istifadə edilən texnikanın, o cümlədən aviadaşıyıcı qruplarının orta və uzunmüddətli texniki xidməti yaxın 4-5 ildə onlarla, hətta yüz milyardlarla dollar xərc tələb edə bilər.
Ekspert vurğulayıb ki, ABŞ həmçinin münaqişəyə cəlb olunan 55 min hərbçi qarşısında sosial öhdəlikləri də yerinə yetirməli olacaq.
CNN-in məlumatına görə, qiymətləndirmələrdə münaqişənin qlobal iqtisadiyyata təsiri də nəzərə alınıb. Bu təsir artıq yanacaq və digər məhsulların qiymət artımına səbəb olub. Bildirilir ki, yaxın vaxtlarda ABŞ-də bir qallon benzininin orta qiyməti 5 dollara çata bilər.
Pentaqon isə çərşənbə axşamı açıqlayıb ki, İran əleyhinə ABŞ hərbi əməliyyatının dəyəri artıq 29 milyard dollara yaxınlaşır. Bu məbləğə texnikanın təmiri və yenilənməsi, eləcə də bölgədə şəxsi heyətin saxlanılması ilə bağlı əməliyyat xərcləri daxildir.
Sevinc Əliyeva
Ordu.az