Ordu.az xəbər verir ki, Polşanın Baş naziri Donald Tusk Avropa İttifaqı ilə SAFE müqaviləsinin rəsmi şəkildə imzalandığını açıqlayıb.
Bu çərçivədə Polşa Avropa İttifaqının SAFE maliyyələşdirmə təşəbbüsü çərçivəsində 43,7 milyard avroluq aşağı faizli müdafiə krediti müqaviləsi imzalayaraq iştirakçı üzv dövlətlər arasında ən böyük payı əldə edib.
Müqaviləni Polşanın maliyyə naziri Anjey Domanjski ilə birlikdə imzalayan Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış SAFE proqramını Polşa üçün tarixi uğur və Avropa İttifaqının müdafiə sahəsində ilk belə təşəbbüsü kimi qiymətləndirib.
Kosinyak-Kamış bu kreditlərin siyasi ayrılıqlardan üstün “milli maraq məsələsi” olduğunu vurğulayıb.
SAFE fondlarının başda “East Shield” sərhəd istehkam proqramı olmaqla antidron sistemləri, hava hücumundan müdafiə sistemləri, artilleriya sistemləri, zirehli vasitələr və sursat istehsalı kimi Polşanın əsas müdafiə prioritetlərini dəstəkləməsi gözlənilir.
Bu çərçivədə aralarında MESKO, “Dezamet” və Radomda yerləşən “Fabryka Broni Łucznik” şirkətlərinin də olduğu çoxsaylı Polşa müdafiə şirkətlərinin SAFE dəstəkli sifarişlər alacağı proqnozlaşdırılır.
Xüsusilə “Piorun” hava hücumundan müdafiə sistemi başda olmaqla sursat və raket sistemləri hazırlayan MESKO-nun, artilleriya, minaatan və qumbaraatan sursatı istehsalında kritik rol oynayan “Dezamet”in, həmçinin “Grot” və “Beryl” piyada tüfəngləri ilə VIS 100 tapançalarının əsas istehsalçısı olan “Fabryka Broni Łucznik”in bu maliyyələşdirmədən prioritet şəkildə faydalanacağı gözlənilir.
Bununla yanaşı, maliyyələşdirmədən faydalanması gözlənilən əsas strateji oyunçular arasında “Krab” haubitsası, “Rak” minaatanı və “Borsuk” zirehli döyüş maşınının istehsalçısı HSW, radar sistemləri, radioelektron mübarizə və hava hücumundan müdafiə komponentləri hazırlayan Zielonkada yerləşən WZE, həmçinin hərbi təyyarə və helikopterlərin texniki xidmət-modernizasiya fəaliyyətlərini həyata keçirən, Lodzda yerləşən “WZL No. 1” yer alır.
Bu çərçivədə həmçinin pulemyotlardan zenit sistemlərinə qədər geniş çeşiddə istehsal həyata keçirən Tarnov mərkəzli “Zakłady Mechaniczne Tarnów” və qlobal silah ticarəti ilə avadanlıq təchizatı təmin edən CENZIN şirkətlərinin də SAFE proqramından faydalanması planlaşdırılır.
Polşa Prezidenti Karol Navrotski hökumətin Avropa İttifaqı ilə həyata keçirdiyi bu böyük kredit müqaviləsinə əvvəldən məsafəli yanaşıb.
Navrotski SAFE proqramı çərçivəsində təmin ediləcək vəsaitlərin Polşanın müdafiə siyasətindəki müstəqilliyinə zərər verə biləcəyi barədə xəbərdarlıq edərək ilkin hüquqi tənzimləməyə veto qoyub.
Prezidentin əsas narahatlığı kreditin “Avropa məhsulu alma şərti” kimi meyarlarla Polşanın strateji seçimlərini məhdudlaşdıra bilməsi və Brüsselin gələcəkdə bu fondları siyasi vasitə kimi istifadə edərək dayandırmaq riski ilə bağlı olub.
Digər tərəfdən Navrotski hökumətin planına alternativ olaraq milli resurslara və NATO çərçivəsində ikitərəfli müttəfiqlik münasibətlərinə əsaslanan müdafiə maliyyələşdirmə modelini müdafiə edib.
Prezident Administrasiyası tərəfindən verilən açıqlamalarda Avropa İttifaqının müdafiə sahəsində artan təsirinin “federallaşma” səylərinin bir hissəsi olduğu iddia edilərək Varşavanın yerli müdafiə sənayesi üzərində tam nəzarəti qorumasının vacibliyi vurğulanıb.
Bu müxalifət Polşa daxili siyasətində hərbi modernizasiyanın üsulu və sürəti ilə bağlı ciddi fikir ayrılığı da yaradıb.
Lakin Donald Tuskun rəhbərlik etdiyi hökumət Prezidentin vetosunu aşmaq üçün strateji addım ataraq prosesi birbaşa parlament təsdiqi tələb etməyən xüsusi qərarnamələr və mövcud Silahlı Qüvvələrə Dəstək Fondu vasitəsilə həyata keçirmək yolunu seçib.
Polşada dövlət rəhbərliyi ilə hökumət arasında güc mübarizəsini dərinləşdirən bu hadisə qarşısında Tusk administrasiyası geosiyasi risklərin “ideoloji çəkişmələrdən” daha prioritet olduğunu bildirərək SAFE kreditini milli təhlükəsizliyin əvəzolunmaz elementi kimi qiymətləndirib.
Sevinc Əliyeva
Ordu.az