Ordu.az xəbər verir ki, layihə çərçivəsində Polşada istehsal və logistika mərkəzinin yaradılması planlaşdırılır.
PGZ-nin törəmə şirkəti “Nitro-Chem”, “General Dynamics Ordnance and Tactical Systems” və “Paramount Enterprises International Inc.” ilə “Hydra 70” raketlərinin istehsal qabiliyyətinin inkişafına yönəlmiş əməkdaşlıq müqavilələri həyata keçirib.
Müqavilənin ilk mərhələsində “General Dynamics” tərəfindən təmin edilən komponentlər “Nitro-Chem” müəssisələrində birləşdiriləcək.
Növbəti illərdə Polşalı subpodratçıların prosesə daxil edilməsi ilə “Hydra 70” raketlərinin daha böyük hissəsinin ölkə daxilində istehsalı hədəflənir.
Bu yanaşma Polşanın sursat təchizatında xarici asılılığını azaltmağı və böhran dövrlərində təchizat təhlükəsizliyini artırmağı məqsəd qoyur.
“Hydra 70” raketləri Polşanın təchiz etdiyi 96 ədəd AH-64E “Apache Guardian” hücum helikopterinin əsas sursatlarından biri olacaq.
PGZ İdarə Heyətinin sədri Adam Leşkeviç layihənin operativ və kommersiya əhəmiyyətinə diqqət çəkərək aşağıdakı qiymətləndirməni edib:
“Hydra” raketləri Polşa Silahlı Qüvvələrinin inventarına daxil olacaq 96 ədəd AH-64E “Apache” helikopterini silahlandıracaq. Bundan əlavə, APKWS konfiqurasiyasında SAN hava hücumundan müdafiə sistemimizdə xərc baxımından səmərəli antidron sursatı kimi istifadə oluna bilər.
Leşkeviç raketlərin Ukrayna tərəfindən Rusiya pilotsuz uçuş aparatlarına qarşı istifadə edildiyini xatırladaraq Polşa Hərbi Hava Qüvvələrinin də daha bahalı sursatlara alternativ həlləri qiymətləndirə biləcəyini bildirib.
“Hydra 70”in lazer yönləndirmə dəsti ilə təchiz edilən APKWS (Advanced Precision Kill Weapon System) versiyası raketi aşağı xərcli dəqiq zərbə sursatına çevirir.
Bu sayədə sistem:
- pilotsuz uçuş aparatlarına qarşı,
- nöqtə hədəflərə yönəlmiş dəqiq hücumlarda,
- daha bahalı raketlərə alternativ olaraq effektiv şəkildə istifadə oluna bilir.
Polşanın yerli istehsal qərarı müasir müharibələrdə sursat təchizat zəncirinin davamlılığının nə qədər kritik olduğunu bir daha ortaya qoyur.
Ukraynadakı müharibədə müşahidə olunan yüksək istehlak göstəriciləri NATO ölkələrini sursat istehsal imkanlarını artırmağa yönəldib.
Sevinc Əliyeva
Ordu.az