Ermənistan KİV-i: İlham Əliyevin çıxışı 2020-ci il savaşında strateji üstünlüyün harada formalaşdığını göstərdi

2026/05/1778653352.jpg
Oxunub: 473     12:21     20 May 2026    
Mayın 10-da Azərbaycan Prezidenti İlham Əliyev Zəngilan şəhərinə səfər edib, ailələrlə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “İlham Əliyev dolayı yolla 2020-ci il müharibəsində erməni tərəfinin məğlubiyyətinin səbəbini göstərib” başlıqlı məqaləsində yazıb.

Məqalədə qeyd olunub ki, İlham Əliyev Zəngilanı nəqliyyat dəhlizinin üzərində yerləşdiyini bildirib.


Nəşr İlham Əliyevin sözlərini sitat gətirib: “Dəmir yolu inşa edilir. Yaxın gələcəkdə - bəlkə də bir il, ilyarım bundan sonra Bakıdan Zəngilana dəmir yolu ilə gəlmək mümkün olacaq, necə ki, bu gün Ağdama dəmir yolu ilə gedirlər. Gələn il Xankəndiyə dəmir yolu ilə gedəcəklər. Bu dəmir yolu davam edəcək, Zəngəzur dəhlizi ilə Naxçıvanı birləşdirəcək. Faktiki olaraq buradan Naxçıvana 30 dəqiqəlik bir yol olacaq. Biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanı bu coğrafi bağlantı ilə ölkəmizin əsas hissəsi ilə birləşdirəcəyik.

Eyni zamanda, İran sərhədində körpü demək olar ki, tikilib bizim təşəbbüsümüzlə və indi sərhəd-gömrük infrastrukturu, binalar tikilir. Yəqin ki, bir neçə aydan sonra o da açılışa hazır olacaq və bu, beynəlxalq nəqliyyat dəhlizi olacaq. Buradan keçən həm dəmir yolları, həm avtomobil yolları böyük xeyir gətirəcək. Çünki oraya xidmət edən insanlar işlə təmin olunacaqlar. Bunun Zəngilanın və bütövlükdə Azərbaycanın iqtisadiyyatına çox böyük töhfəsi olacaq.

Ermənistanla burada sərhəd açılandan, Zəngəzur dəhlizi açılandan sonra Zəngilan faktiki surətdə ölkəmizin yeganə rayonu olacaq ki, bunun iki qonşu ölkə ilə sərhəd-keçid məntəqəsi olacaq. Görün, bunun nə qədər böyük əhəmiyyəti var. Çünki bu, həm Şərq-Qərb dəhlizidir, Naxçıvandan Türkiyəyə, sonra Avropaya uzanan yoldur, həm də Şimal-Cənub dəhlizidir. Zəngilandan Ağbənd üzərindən İrana və Fars körfəzinə, buradan Naxçıvana keçməklə Culfaya, yenə də Fars körfəzinə. Bu, beynəlxalq bir mərkəz olacaq, əvəzolunmaz mərkəz olacaq. Biz bunu belə görürük və belə də olacaq. Çünki bu günə qədər bütün planlarımız gerçəkləşib”.

Müəllifin yazdığına görə, bu o deməkdir ki, 44 günlük müharibə zamanı, 2020-ci il oktyabrın 20-də Zəngilanın işğaldan zad edlməsi İlham Əliyev üçün də strateji-siyasi baxımdan son dərəcə mühüm əhəmiyyət daşıyırdı.

“2020-ci ilin 44 günlük müharibəsində Cəbrayıl, Füzuli və Zəngilanın nəzarətə götürülməsi (azad edilməsi-red.) əməliyyatlarında Azərbaycanın Dövlət Sərhəd Xidmətinin Çevik Reaksiya Qüvvələri də iştirak edib. Daha əvvəl də 2020-ci il müharibəsində Azərbaycanın Xarici Kəşfiyyat Xidmətinin “Yarasa” adlı bölməsinin iştirak etdiyi barədə yazılıb.

“Yarasa”nın şəxsi heyəti 44 günlük müharibə zamanı erməni ordusunun arxa cəbhəsində fəaliyyət göstərib və yaşayış məntəqələrinin ələ keçirilməsində, xüsusilə Qubadlı istiqamətində iştirak edib. Bundan əlavə, Zəngilanın nəzarətə götürülməsindən əvvəl 2020-ci il oktyabrın 18-də Fransa tərəfinin və Prezident Emmanuel Makronun vasitəçiliyi ilə atəşkəs elan olunmuşdu, lakin bu atəşkəs də pozulmuşdu”, - deyə məqalədə vurğulanıb.


Nəşr qeyd edib ki, bu barədə 2023-cü ilin iyununda istintaq komissiyasında Nikol Paşinyan ətraflı məlumat verərək bildirib:

“Oktyabrın 17-də Fransa Prezidenti Emmanuel Makron təşəbbüslə çıxış etdi və mənə bildirdi ki, Azərbaycan Prezidenti oktyabrın 18-i gecə yarısından etibarən heç bir ilkin şərt olmadan atəşkəsə razıdır. Mən təbii ki, razılaşdım və bundan sonra bir neçə saat ərzində Fransa, Ermənistan və Azərbaycan arasında aşağıdakı bəyanat razılaşdırıldı və oktyabrın 17-si gecə saatlarında yayımlandı: “Ermənistan Respublikası və Azərbaycan Respublikası oktyabrın 18-i yerli vaxtla saat 00:00-dan etibarən humanitar atəşkəs elan etmək qərarına gəlib”.

Bu bəyanatla bağlı hələ yayımlanmamışdan əvvəl biz rusiyalı tərəfdaşlarımızla məsləhətləşmələr apardıq və onlar təşəbbüsü alqışladılar. Lakin bəyanata baxmayaraq, oktyabrın 18-də də atəşkəs baş tutmadı, halbuki bütün gün ərzində müharibəni dayandırmaq üçün mümkün diplomatik səyləri göstərirdik. Yəni bu bəyanatdan sonra ümumiyyətlə heç bir fasilə olmadı”.

Müəllif bildirib ki, bundan sonra Paşinyan istintaq komissiyasında ifadəsi zamanı davam edib:

“Atəşkəslə bağlı növbəti bəyanatın uğursuzluğundan sonra mən oktyabrın 16-da Rusiya Prezidenti ilə apardığım söhbətə qayıtdım. Oktyabrın 19-u günorta saatlarında Vladimir Putinlə telefon danışığım oldu və o, bir daha təsdiqlədi ki, illər əvvəl hazırlanmış Rusiya planının şərtləri əsasında müharibəni dayandırmağa cəhd etmək olar. Şərt isə belə idi: 7 rayon 5+2 formatında qaytarılır, Laçın yolu vasitəsilə “Qarabağ”la (ləğv edilmiş qondarma qurum-red.) Ermənistan arasında əlaqə məsələsi həll olunur, Qarabağda Rusiya sülhməramlıları yerləşdirilir, “Qarabağın statusu” isə dəqiqləşdirilmədən qeyri-müəyyən gələcəyə saxlanılır...

Axşam Rusiya Prezidentinə zəng edib bildirdim ki, bu şərtlərlə müharibəni dayandırmağa hazıram. Rusiya Prezidenti dedi ki, Azərbaycan Prezidenti ilə danışacaq və sonra mənə zəng edəcək. Həmin vaxt artıq müzakirə olunan 5 rayondan ikisi, Füzuli və Cəbrayıl praktiki olaraq tam və ya böyük hissəsi ilə Azərbaycanın nəzarəti altında idi.

Rusiya Prezidenti növbəti gün, oktyabrın 20-si səhər mənə zəng etdi və mahiyyət etibarilə aşağıdakıları çatdırdı: Azərbaycan müharibəni dayandırmağa hazırdır, lakin bunun müqabilində bütün 7 rayonu və ya daha dəqiq desək, qalan 5 rayonu almağı gözləyir. Çünki iki rayon, Füzuli və Cəbrayıl artıq onların nəzarətində idi. Amma məsələ bununla bitmirdi.

Məhz həmin gün 2020-ci il noyabrın 9-dan sonra ən çox müzakirə edilən və tənqid olunan epizod ortaya çıxdı. Guya Şuşa erməni nəzarətində qalmaq şərti ilə müharibəni dayandırmaq imkanı olub, amma mən bunu əldən vermişəm”.

Məqalədə qeyd olunub ki, nəticədə Ermənistan hakimiyyəti Şuşanı saxlaya bilməyib, rayonlar Azərbaycana keçib, üstəlik, Kəlbəcər, Ağdam və Laçın noyabrın 9-u sənədi ilə təhvil verilib, halbuki ordu həmin əraziləri qoruyub saxlamışdı.

“Yəni Paşinyan müharibədən əvvəl 5 rayonu təhvil verməkdən imtina etdi ki, ona “xəyanətkar” deməsinlər, amma müharibə nəticəsində Azərbaycan daha çoxunu, hətta ordunun saxlaya bildiyi əraziləri belə aldı.

Zəngilan 1993-cü ildə də payız aylarında “azad edilmişdi” (işğal edilmişdi-red.). 1993-cü il noyabrın 1-də erməni silahlı qüvvələri Azərbaycan SSR-in tərkibinə daxil edilmiş Zəngilan rayon mərkəzi və ətraf yaşayış məntəqələri üzərində tam nəzarət qurmuşdu, bununla Qarabağ və Zəngəzurun cənub və cənub-şərq sərhədlərinin birləşdirilməsi başa çatdırılmışdı.

Bundan başqa, 44 günlük müharibədən sonra, 2022-ci ildə İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilanda beynəlxalq hava limanının rəsmi açılışını etmişdilər”, - deyə müəllif yazıb.

Məqalədə bildirilib ki, bir neçə ay əvvəl İlham Əliyev “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanuna dəyişiklikləri də təsdiqləyib.

“Təsdiqlənmiş dəyişikliklərə əsasən, dövlət ehtiyacları siyahısına dövlət mülkiyyətində olan hava limanlarının və aerodromların genişləndirilməsi, eləcə də yeni hava limanları və aerodromların tikintisi əlavə edilib. Təbii ki, hava limanları və limanlarla bağlı qərar nəqliyyat və logistika “böyük oyunu”nun mühüm tərkib hissəsidir”, - deyə nəşr vurğulayıb.

Müəllif daha sonra İlham Əliyevin Zəngilana səfərinə qayıdaraq qeyd edib ki, Azərbaycan lideri Şuşanın azad edilməsindən sonra 44 günlük müharibəni davam etdirməyin məqsədəuyğun olmadığını eyhamla bildirib.

“O vaxt müharibənin dayandırılması bizə imkan verdi ki, qan tökülmədən Kəlbəcər, Laçın, Ağdam rayonlarını siyasi yollarla, faktiki olaraq ultimatum yolu ilə qaytara bilək. Ultimatum da ondan ibarət idi ki, əgər Ermənistan qısa müddət ərzində, faktiki olaraq bir ay, ondan da az müddət ərzində bu torpaqlardan çıxmasa, Qarabağda qalmış bütün erməni silahlı qüvvələri məhv ediləcək”, - deyə İlham Əliyev vurğulayıb.

Nəşr İlham Əliyevin sözlərini sitat gətirərək qeyd edib: “Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində rolu danılmazdır. Onun fəaliyyəti nəticəsində Azərbaycan ağır günlərdə öz müstəqilliyini qoruya bilmişdir. Bildiyiniz kimi, yaşlı nəsil o illəri yaxşı xatırlayır - 1993-cü ildə nəinki ərazi bütövlüyümüz, müstəqilliyimiz təhlükə altında idi. O vaxt ölkəmizə rəhbərlik etmiş şəxslər ölkəmizi fəlakətə aparırdılar. Həm torpaqlarımızın işğal altına düşməsi, Şuşanın, Laçının, Kəlbəcərin erməni işğalına məruz qalması, daxili çəkişmələr, özbaşınalıq, anarxiya və ovaxtkı hakimiyyətin təxribatçı və xəyanətkar fəaliyyəti nəticəsində vətəndaş müharibəsinin başlanması – gənc müstəqil dövlətimiz olan Azərbaycan faktiki olaraq parçalanma ərəfəsində idi. O vaxt əgər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəlməsəydi, xalqımızın, dövlətimizin taleyi çox ağır ola bilərdi. Məhz onun fəaliyyəti nəticəsində bütün mənfi meyillərə son qoyuldu, vətəndaş müharibəsinə son qoyuldu, hakimiyyətsizlik, özbaşınalıq kimi hallara son qoyuldu, ölkəmizdə sabitlik yaradıldı, inkişaf başlandı və yavaş-yavaş ordu quruculuğu da artıq getməyə başladı. Onun Azərbaycana gəlməsindən əvvəl faktiki olaraq nizami ordumuz yox idi və Birinci Qarabağ müharibəsindəki məğlubiyyətimiz məhz buna görə idi. O vaxt ordumuza rəhbərlik edən şəxslər nəinki hərbi peşə nədir, onu bilmirdilər, hətta onların xəyanətkar fəaliyyəti nəticəsində torpaqlarımız işğal altına düşmüşdü. "Şuşa əldən gedərsə, başıma güllə çaxaram" deyən o namərd, xain bu gün də orada-burada sülənir. Amma o vaxt dərdimiz onda idi ki, onun kimi adamlar Azərbaycanın əsas vəzifələrini zəbt etmişdilər. Heç bir biliyi, bacarığı, iş təcrübəsi olmayan, küçədən keçən insanlar birinci, ikinci, üçüncü, dördüncü şəxs təyin olunmuşdular. Ordumuz faktiki olaraq quldurların əlində idi”.

Məqalənin sonunda qeyd olunub ki, İlham Əliyev mayın 10-da Zəngilanda çıxışı zamanı Ermənistanı və Ermənistan Silahlı Qüvvələrini 2020-ci il müharibəsi zamanı “İsgəndər” və “Skad” raketləri ilə mülki yaşayış məntəqələrinə zərbələr endirməkdə ittiham edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin