Mayın 13-ü səhər vəziyyətinə görə Yaxın Şərqin əsas hadisələri

2026/05/1778649830.jpg
Oxunub: 532     09:22     13 May 2026    
Yaxın Şərqdə vəziyyət gərgin və qeyri-sabit olaraq qalır. İran və ABŞ arasında İslamabadda aparılan danışıqlarla bağlı xəbərlər yalnız dialoq yaratmaq cəhdlərini əks etdirir, əlaqələr nizamsız xarakter daşıyır və hələlik nəticə verməyib.

Eyni zamanda, İsrail elan edilmiş atəşkəsə baxmayaraq, Livan ərazisinə zərbələr endirməyə davam edir ki, bu da atəşkəs rejiminin faktiki pozulduğunu göstərir. Ümumilikdə, region uzunmüddətli gərginlik vəziyyətində qalır və daha da kəskinləşmə riski hələ də saxlanılır.

Ordu.az çərşənbə gecəsi Yaxın Şərqdə qeydə alınan əsas hadisələrin qısa xülasəsini təqdim edir.

Küveytə məxsus Bubiyan adasına daxil olmağa cəhd edən İran hərbçilərindən ibarət qrup saxlanılıb. Küveyt Müdafiə Nazirliyinin məlumatına görə, İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli altı nəfər ölkəyə dəniz yolu ilə sızmağa çalışıb. Yerli təhlükəsizlik qüvvələri ilə baş verən toqquşmadan sonra hücum edənlərdən dördü həbs olunub, ikisi isə gizlənib.

İsrail rəsmiləri ABŞ prezidenti Donald Trampın İranla münaqişəyə səbəb olan bir sıra əsas məsələləri həll etmədən razılaşma bağlaya biləcəyindən narahatdırlar. Bu barədə CNN İsrailli yüksək vəzifəli rəsmilərə istinadla xəbər verib.

Avstraliya Hürmüz boğazı boyunca gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün Fransa və Böyük Britaniyanın rəhbərlik etdiyi müdafiə missiyasına qoşulacaq. Bunu çərşənbə günü müdafiə naziri Riçard Marls bildirib.

“The New York Times”ın yazdığına görə, İran Hürmüz boğazı boyunca yerləşən 33 yeraltı raket bazasından 30-u üzərində yenidən aktiv nəzarət bərpa edib. Nəşr bunu ABŞ kəşfiyyatının son məlumatları ilə tanış olan mənbələrə istinadən yayıb.

“Fars” agentliyi mənbələrə istinadən yazır ki, İran ABŞ-dan münaqişənin nizamlanması üzrə danışıqları bərpa etmək üçün beş tələb irəli sürüb. Tələblər arasında bütün cəbhələrdə, xüsusilə Livanda müharibənin dayandırılması, anti-İran sanksiyalarının ləğvi, İran vəsaitlərinin blokdan çıxarılması, müharibənin vurduğu ziyanın ödənilməsi və Hürmüz boğazı üzərində İranın suverenliyinin tanınması yer alır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaxın-Şərq   ABŞ   İran  


Bizi "telegram"da izləyin