İrandakı müharibə Cənubi Afrika sahillərindəki balinaları təhdid edir

2026/05/1778648669.jpg
Oxunub: 522     09:08     13 May 2026    
ABŞ və İsrailin İrana qarşı müharibəsi enerji daşıyıcıları, gübrələr, dərman vasitələri və heliumun qlobal təchizatını pozmaqla yanaşı, indi də Cənubi Afrika sahillərində yaşayan balinalar üçün təhlükə yaradıb.

Ordu.az xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.

Məlumata görə, husilərin iştirakı ilə baş verən döyüş əməliyyatları 2023-cü ildən etibarən gəmiləri Qırmızı dəniz və Süveyş kanalından yan keçməyə məcbur edib. Hazırda İran və ABŞ arasında Hörmüz boğazından keçidlə bağlı qarşılıqlı məhdudiyyətlər bu tendensiyanı daha da gücləndirib.

Alimlər xəbərdarlıq edirlər ki, Cənubi Afrika Respublikası sahillərində gəmiçilik fəaliyyətinin kəskin artması gəmi ilə balinaların toqquşma riskini əhəmiyyətli dərəcədə yüksəldib.

Məlumata əsasən, Cənubi Afrika sularında 40-dan çox balina növü yaşayır. Ümid burnu bölgəsi cənub hamar balinaları, donqar balinalar və “Brayd” zolaqlı balinaları ilə tanınır.

Qeyd olunub ki, donqar balinaların böyük qrupları Antarktidaya illik miqrasiya etməzdən əvvəl həmin sularda qidalanır. Onların sayının 11 mindən 13 minə qədər olduğu bildirilir.

Pretoriya Universitetinin tədqiqatçısı Els Vermülen bildirib ki, yük gəmilərinin donqar balinaların sıx toplandığı ərazilərdən keçdiyini əks etdirən görüntülər yayılır.

“İnsanlar sosial şəbəkələrdə “nə qədər çox balina var” deyə heyranlıq ifadə edirlər. Amma mən anlayıram ki, həmin gəmilər indicə bir neçəsinə çırpılıb”, - deyə o bildirib.

Ümumdünya Vəhşi Təbiət Fondunun nümayəndəsi Kris Conson isə qeyd edib ki, balinalar hələ də gəmilərə uyğunlaşmağı öyrənməyib.

Məqalədə qeyd olunub ki, mütəxəssislər problemin həlli üçün gəmi marşrutlarının dəyişdirilməsi, sürətin azaldılması və balinaların toplandığı ərazilərlə bağlı xəbərdarlıq sistemlərinin yaradılmasını təklif edirlər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Müharibə  


Bizi "telegram"da izləyin