Ordu.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Məlumata görə, NATO üzvü olmayan Ukrayna təlimlərdə iştirak edərək müttəfiqlərə pilotsuz uçuş aparatlarının tətbiqi taktikasına dair məsləhətlər verib.
Agentliyin jurnalistlərinə İsveçin rəhbərliyi ilə keçirilən təlimləri izləməyə icazə verilib. Təlimlər Avropanın həm Rusiyadan gələn təhdidlərlə, həm də NATO-nun ən güclü üzvü olan ABŞ-nin dəyişkən mövqeyi ilə üzləşdiyi dövrdə keçirilib.
Qeyd olunub ki, bir neçə aydır Rusiya Avropa ölkələrində həyati əhəmiyyətli infrastruktura qarşı kiberhücumlar və dezinformasiya kampaniyaları da daxil olmaqla sabotaj fəaliyyətini artırıb.
Təlimlərin ssenarisinə əsasən, İsveçin Qotland adasında təxribat nəticəsində elektrik enerjisi kəsintisi və ərzaq çatışmazlığı yaranır. Bu isə NATO üzvlərinin kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəyə qədər hansı addımlar atacağını yoxlamaq məqsədi daşıyıb.
İsveç Silahlı Qüvvələrinin baş komandanı, general Mikael Klasson bildirib ki, ABŞ Avropanın ən döyüş qabiliyyətli müttəfiqidir və buna görə də “ABŞ iştirakındakı hər hansı dəyişiklik ümumi dinamikaya təsir göstərir”.
Məqalədə qeyd olunub ki, Avropa hərbi rəhbərləri Donald Tramp administrasiyasının NATO-ya münasibətini diqqətlə izləyir. Tramp daha əvvəl NATO-nu “kağız pələng” adlandırıb və Almaniyadan azı 5 min amerikalı hərbçinin çıxarılması barədə göstəriş verib.
Bundan başqa, ABŞ-nin hava hücumundan müdafiə sistemləri və raketlərinin Avropadan Yaxın Şərqə daşınmasının müdafiə boşluğu yarada biləcəyi ilə bağlı narahatlıqların artdığı bildirilib.
Təlimlərdə iştirak edən ukraynalı pilotsuz uçuş aparatı operatorlarının şərti döyüşlər zamanı İsveç bölmələrini “məhv etdiyi” də qeyd olunub.
Sevinc Əliyeva
Ordu.az