Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Erməni sakin Paşinyana müraciət edərək bildirib: “2018-ci ildə sizi həbs edəndə mən çox yaxınlıqda dayanmışdım və əlimi sındırmışdılar. Buna baxmayaraq sizin arxanızca gəlirdim, çünki sizə və hakimiyyətinizə inanırdım və düşünürdüm ki, o dövrün hakimiyyəti getməlidir. İndi də eyni şeyi sizə deyirəm, bunu ürəkdən deyirəm, çünki Ermənistan üçün narahatam. Siz Qarabağı təslim etdiniz, 5000 oğlanın ölümünə görə birinci məsuliyyət daşıyan sizsiniz”.
Bu sözlər Paşinyanı özündən çıxarıb. “O 5000 rəqəmi haradandır? Biz rəqəm açıqlamamışıq. Siz o yaramazların (müxalifəti nəzərdə tutur-red.) leksikonunu götürmüsünüz. Sizə bu qədər itki azdır ki, bir də 5000 rəqəmini deyirsiniz? Həmin qurbanlar nəticəsində biz dövlət və müstəqillik əldə etmişik. Siz gəlib baş nazirin qarşısında bunu deyirsinizsə, bu o deməkdir ki, bizim dövlətimiz, müstəqilliyimiz və demokratiyamız var. Çünki 15 il əvvəl bunu desəydiniz, indi sizi tualetdə döyüb öldürərdilər”, - deyə Paşinyan bildirib.
Daha sonra o qeyd edib ki, vətəndaşların seçki məntəqələrinə getmək, öz mövqelərini ifadə etmək və istədikləri kimi səs vermək hüquqları var.
“O 5000 rəqəmini deməyin. Siz seçki məntəqəsinə gedib istədiyiniz kimi səs verə bilərsiniz. Əgər xalq mənim getməli olduğuma qərar versə, təvazökarlıqla gedəcəyəm. Mayın 28-də ordunun necə olduğunu, hansı silahlara malik olduğunu görəcəksiniz”, - deyə o əlavə edib.
Erməni sakin isə Qarabağın itirilməsi və itkilərlə bağlı suallarının olduğunu bildirib. Buna cavab olaraq Paşinyan “Qarabağ hərəkatı”nın (erməni separatizmi-red.) tələ olduğunu bir daha təkrarlayıb.
Buna cavab olaraq erməni sakin ona Xankəndidə 44 günlük müharibədən əvvəl söylədiyi fikirləri və 2021-ci il seçki vədini xatırladıb.
“Bilirsinizmi, niyə demişdim ki, “Qarabağ Ermənistandır, vəssalam?”. Onda həmin “hərəkat” nə üçün idi? Qarabağda xalq yaşamırdı. Onlar Köçəryan-Sarkisyan klanının girovu idilər. Onlar Qarabağdan Ermənistanda hakimiyyəti saxlamaq üçün bəhanə kimi istifadə edirdilər. Köç etmiş (könüllü-red.) şəxslər indi yaşayacaqlar və Ermənistanda yaşayacaqlar, burada onların evi, sülhü, işi və sosial təminatı olacaq. Biz Qarabağı əvvəldən itirmişdik, artıq Ermənistanı da itirirdik və mən bunu anlayanda vəzifəm Ermənistanı qorumaq və onu dövlət kimi inkişaf etdirmək idi.
Bu gün Ermənistan beynəlxalq arenada tarixində heç vaxt malik olmadığı nüfuza sahibdir. Bizi tələyə salan “Qarabağ hərəkatı” oldu, bundan pensiyaları və maaşları artırmamaq, əsgərləri talamaq üçün bəhanə kimi istifadə etdilər”, - deyə Paşinyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az