Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Dobro”nu Paşinyan verib, amma cavabı Suren Papikyan verməlidir” başlıqlı məqaləsində yazıb.
Məqalədə qeyd olunub ki, bloqerləri Nikol Paşinyanın köməkçisi Qaqik İsaxanyan müşayiət edib.

“O, vaxtilə ölmüş erməni hərbi qulluqçunun qardaşı kimi Müdafiə Nazirliyinin qarşısında keçirilən etiraz aksiyalarında iştirak etmişdi. Bu fakt göstərir ki, “ttiktoker”lərin silahlı qüvvələrin bölməsinə səfəri şəxsən Nikol Paşinyanın icazəsi ilə həyata keçirilən seçkiqabağı-təbliğat xarakterli addım olub.
Beləliklə, yenidən silahlı qüvvələri nüfuzdan salmağa və hərbi formanı alçaltmağa yönəlmiş məqsədli hərəkətlərlə qarşı-qarşıyayıq. Burada qanunvericiliklə bağlı mümkün problemlərdən hələ danışılmır”, - deyə məqalədə qeyd edilib.
Nəşrə görə, yayımlanan videolardan hadisələrin Ermənistan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun tabeliyində olan hərbi hissədə baş verdiyi qənaətinə gəlmək olar.
“Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat Baş İdarəsinin rəisi-Baş Qərargah rəisinin müavini Temur Şahnazaryan və 3-cü Ordu Korpusunun hazırkı komandiri Simon Nazaryan çox yaxşı deyə bilərlər ki, 3-cü korpusun keçmiş komandirləri Qriqori Xaçaturov, Onik Qasparyan və digərlərinin dövründə belə hadisə baş verə bilərdimi? Üstəlik, Qriqori Xaçaturov Paşinyan hakimiyyəti dövründə də vəzifədə olub. Hətta onun rəhbərlik etdiyi alayda bu gün baş verənlər mümkündürmü?
Bütün bunlar Ermənistan Müdafiə Nazirliyinin uzun müddətdir jurnalistlərin hərbi hissələrə səfərini təşkil etmədiyi, eyni zamanda müxalifət deputatlarının səfərlərinə zaman-zaman qadağalar qoyulduğu şəraitdə baş verir”, - deyə müəllif qeyd edib.
“168.am”ın yazdığına görə, Ermənistanın müdafiə naziri Suren Papikyan ya ordunun nüfuzdan salınmasına gətirib çıxaran bu hallarla barışıb, ya da bununla razı olmasa belə, vəzifəsinin verdiyi kifayət qədər imkanlara baxmayaraq, siyasi baxımdan Paşinyanın anti-ordu addımlarının qarşısını almaqda çətinlik çəkir və ya buna qadir deyil.
“Halbuki xüsusilə söhbət ordudan və təhlükəsizlikdən gedirsə, hər şeyin bir həddi olmalıdır. Hətta Nikol Paşinyanın “qırmızı xətləri” yoxdursa və ya silahlı qüvvələrə qarşı “genetik” nifrət və komplekslər daşıyırsa belə”, - deyə məqalədə vurğulanıb.
Müəllif xatırladıb ki, artıq bir neçə ildir Paşinyan Yeni il ərəfəsində əsgər və zabitləri təbrik etmək üçün hərbi hissələrə və döyüş mövqelərinə baş çəkmir.
Digər tərəfdən, məqalədə qeyd olunub ki, yuxarıda təsvir edilənlər Nikol Paşinyanın təbliğat məqsədilə müxtəlif mülki qrupları möhkəmləndirilmiş bölgələrə apararaq son illərdə alınmış silah nümunələrini nümayiş etdirməsindən sonra heç də təəccüblü deyil.
“Mayın 28-də Respublika meydanında keçiriləcək silah nümayişi də sırf siyasi hesabat xarakteri daşıyacaq və həmin günün “qəhrəmanı” Müdafiə Nazirliyi, onun rəhbərliyi və ya ordu deyil, yalnız Nikol Paşinyanın özü olacaq.
Təsadüfi şəxslərin orduya daxil olması ilk növbədə müdafiə naziri Suren Papikyanı hədəfə çevirir. Çünki təbii sual yaranır: bunun üçün onun icazəsi varmı? Necə olur ki, belə şəxslər istənilən vaxt maneəsiz hərbi hissələrə daxil ola bilir, amma müxalifətin qarşısında qapılar bağlanır, jurnalistlər isə oraya buraxılmır?”, - deyə nəşr bildirib.
Müəllif qeyd edib ki, əgər müdafiə nazirinin icazəsi yoxdursa, bu artıq başqa təhlükəli tendensiyanın göstəricisidir.
“Belə ki, “öz adamları” və partiya mənsubu olan nazir üçün çətin vəziyyət yaradılır, onun səlahiyyətləri və hüquqları faktiki olaraq məhdudlaşdırılır. Bu halda “Vətəndaş Müqaviləsi”ndən olan hansısa deputatın “silah nümunələri ilə tanış olmaq istəyənlər mənə müraciət edə bilər, təşkil edərəm” deməsi də təəccüblü görünmür.
Paşinyana yaxın bloqerlər Kirantsda da olublar, möhkəmləndirilmiş bölgələrdə yaradılmış şəraiti ətraflı çəkərək nümayiş etdiriblər, həmçinin rəqibdən cəmi bir neçə metr məsafədə yerləşən məktəbin sığınacağını da göstəriblər.
“Dövlət sirri haqqında” qanunda açıq şəkildə qeyd olunur ki, “Ermənistan ərazisinin operativ təchizatı, hərəkətlərin hazırlanması və aparılması, qoşunların yerləşdirilməsi, onların döyüş qabiliyyəti, döyüş növbətçiliyi formaları və üsulları, idarəetmə sisteminin yerləşməsi, fəaliyyət ardıcıllığı, sistemin əlçatanlığı, bütövlüyü və hərtərəfli təminatı barədə məlumatlar” dövlət sirrinə aid edilir.
Eyni qanunda həmçinin “xüsusi mühafizə olunan və giriş-çıxışı xüsusi qaydada həyata keçirilən obyektlərin yerləşməsi, təyinatı, qorunması və hazırlıq səviyyəsi, onların layihələndirilməsi və tikintisi”, eləcə də “mülki müdafiə qüvvə və vasitələri, inzibati binaların qorunması və əhalinin təhlükəsizliyinin təmin olunması səviyyəsi haqqında məlumatlar”ın dövlət sirri hesab edildiyi vurğulanır”, - deyə “168.am” bildirib.
Müəllif yazıb ki, onlar məhz buna görə də əvvəldən qanunla bağlı problemlərin mövcud olduğunu bildirirdilər.
“Ermənistan Müdafiə Nazirliyi isə bunları yalnız KİV-in yazılı sorğularına cavab verərkən xatırlayır. Nikol Paşinyanın ailəsi də qanunları yalnız hansısa mövzu onların hüquqlarına toxunduqda yada salır. Suren Papikyan düşünməlidir və anlamalıdır ki, nə qədər partiya mənsubu nazir olsa da, ilk növbədə dövlətin təhlükəsizlik institutu olan silahlı qüvvələrin rəhbəridir və məhz bu maraqlardan çıxış etməlidir. Çünki burada artıq həm də şəxsi nüfuz məsələsi var”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az