İrəvan sammitindən etiraz notasına qədər: Moskva ilə İrəvan arasındakı ziddiyyət niyə dərinləşir?

2026/05/1778571145.jpg
Oxunub: 439     11:31     13 May 2026    
”Mayın 4-də İrəvanda keçirilən Avropa Siyasi Birliyinin 8-ci sammiti Ermənistan-Rusiya münasibətlərində illər boyu yığılan sistemli çatın artıq tam şəkildə üzə çıxdığı dönüş nöqtəsinə çevrildi”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “İrəvan sammitindən etiraz notasına qədər: Moskva ilə İrəvan arasındakı ziddiyyət niyə dərinləşir” başlıqlı məqaləsində yazıb.

Məqalədə qeyd olunub ki, rəsmi İrəvanın seçdiyi Avropa vektoru yeni olmasa da, bu tədbir çərçivəsində baş verən hadisələr, xüsusilə Ukrayna Prezidenti Vladimir Zelenskinin iştirakı və çıxışı münasibətlərdəki gərginliyi böhran həddinə çatdırıb.

Müəllifin sözlərinə görə, bu gərginliyin ən diqqətçəkən epizodu Ermənistan səfirinin Rusiya Xarici İşlər Nazirliyinə çağırılması və ona etiraz notasının təqdim olunması olub. Bu isə diplomatik praktikada son dərəcə sərt addım hesab edilir və göstərir ki, Moskva artıq yalnız ictimai bəyanatlarla kifayətlənmir.

“Səfirin çağırılması Kremlin İrəvanın addımlarını adi fikir ayrılığı kimi deyil, müttəfiqlik öhdəliklərinin birbaşa və kobud şəkildə pozulması kimi qiymətləndirdiyini göstərir və bu da rəsmi qeydə alınma tələb edir.

Bununla belə, həm Ermənistan hakimiyyəti, həm də ekspert icmasının bir çox nümayəndəsi Rusiyanın da bir sıra məqamlarda müttəfiqlik öhdəliklərini yerinə yetirmədiyini bildirirlər. Məhz bunun nəticəsində Ermənistan hakimiyyəti xarici siyasəti dəyişmək və Rusiyadan asılılığı azaltmaq qərarına gəlib.

Mayın 7-də Mariya Zaxarovanın səsləndirdiyi fikirlər bu mənzərəni tamamlayıb. O vurğulayıb ki, İrəvan Zelenskinin anti-Rusiya ritorikası üçün platforma təqdim etməklə faktiki olaraq Qərbin anti-Rusiya koalisiyasının bir hissəsinə çevrilir”, - deyə müəllif bildirib.

Nəşrə görə, Rusiya tərəfi bunu sadəcə “çoxvektorlu siyasət” nümunəsi deyil, Rusiyanın həyati maraqlarına qarşı məhz onun müttəfiqinin ərazisində atılmış nümayişkaranə addım kimi qəbul edir.

Məqalədə vurğulanıb ki, bütün bunlar artıq mövcud olan dərin narazılıqlar fonunda baş verir. Ermənistanın KTMT-nin effektivliyini açıq şəkildə şübhə altına alması, Rusiya sülhməramlılarının rolu ətrafında səslənən tənqidlər, Roma Statutunun ratifikasiyası artıq etimadın sıfırlandığı bir mühit formalaşdırmışdı.

Müəllifin fikrincə, İrəvan sammiti sadəcə son diplomatik pərdəni də qaldıraraq Ermənistanın strateji müttəfiqini dəyişmək yoluna girdiyini açıq nümayiş etdirdi.

“Səfirin çağırılması və bu cür sərt reaksiyadan sonra nə baş verə bilər? İlk növbədə ikitərəfli münasibətlərdə yeni “soyuma” mərhələsi gözlənilir və Rusiya müəyyən addımlar və təzyiq mexanizmlərinə əl ata bilər. Səfirə təqdim olunan narazılıq konkret addımlara çevrilə bilər, Rusiya isə bunu öz “orbitindən” çıxan ölkələrə münasibətdə tez-tez tətbiq edir.

Beynəlxalq müstəvidə Ermənistan ciddi problemlərlə üzləşə bilər. Sammit zamanı bu qədər nümayişkaranə şəkildə önə çıxarılan Avropa vektorunun gücləndirilməsi Qərbdən təhlükəsizlik təminatları tələb edəcək.

Lakin həmin təminatlar vaxtında və adekvat şəkildə təqdim olunmasa, Ermənistan elə bir təhlükəsizlik zonasına düşə bilər ki, burada əvvəlki müttəfiq artıq düşmən mövqedə olacaq, yeni tərəfdaşlar isə tam məsuliyyət götürməyə hazır olmayacaqlar”, - deyə məqalədə vurğulanıb.

Nəşrin yazdığına görə, Ermənistan hakimiyyətinin əsas ümidi “sülh gündəliyi”nədir.

Müəllif hesab edir ki, təsadüfi deyil ki, bu proseslərdə Ermənistan hakimiyyəti daim sabit sülhdən danışır və məhz sülh faktını təminat kimi təqdim edir.

“Çünki Rusiya orbitindən çıxacağı halda Ermənistanın təhlükəsizlik zəmanətini heç bir Qərb dövləti öz üzərinə götürməyəcək. Mayın 4-də keçirilən sammit və bundan sonra Rusiyanın səfiri çağırmaqla həyata keçirdiyi diplomatik demarş Ermənistan-Rusiya münasibətlərinin klassik modelinin sonunu göstərir. Bu, artıq sadə fikir ayrılığı deyil, açıq geosiyasi ayrışmadır və burada tərəflərin hər biri öz qaydaları ilə oynamağa başlayır”, - deyə müəllif vurğulayıb.

Nəşrə görə, bu, Ermənistan üçün yüksək risk zonasına keçid deməkdir və burada Rusiyadan siyasi, iqtisadi və enerji təzyiqləri mümkündür.

Məqalədə qeyd olunub ki, Moskvanın mümkün iqtisadi və enerji təzyiqləri fonunda Avropa İttifaqı adətən “dayanıqlığın artırılması” alətləri təklif edir.

“Bu isə ilk növbədə maliyyə yardımı və investisiya paketləri vasitəsilə Rusiya bazarının mümkün bağlanmasının yaradacağı iqtisadi zərbəni yumşaltmağı nəzərdə tutur. Bununla belə, siyasi və təhlükəsizlik sahəsində Avropa İttifaqının təklifləri əksər hallarda “yumşaq güc” və müşahidə missiyalarının genişləndirilməsi ilə məhdudlaşır. Bu isə o deməkdir ki, Moskva ilə açıq qarşıdurma şəraitində İrəvana təqdim edilən Avropa “təhlükəsizlik yastığı” əsasən məsləhət xarakteri daşıyacaq.

Qısamüddətli perspektivdə Avropa İttifaqının “dayanıqlıq alətləri” kifayət qədər məhdud imkanlara malikdir və əsasən psixoloji və maliyyə “ilk yardımı” funksiyasını yerinə yetirir. Onlar onilliklər ərzində formalaşmış iqtisadi və enerji reallıqlarını sürətlə əvəz edə bilməz.

Avropa İttifaqının alətləri qısamüddətli dövrdə müəyyən sabitlik yaratsa da, bütün sahələr üzrə təhlükəsizlik təmin etmir. Avropalı analitiklər də bunu qəbul edir və baş verənlərin mürəkkəb proses olduğunu bildirirlər. Müxtəlif Qərb dəstəklərinə baxmayaraq, Ermənistan keçid dövrünün çətin mərhələsini təkbaşına və həssas vəziyyətdə keçməli olacaq”, - deyə “168.am” yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İrəvan   Moskva   Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin