Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Ermənistanın Rusiyadakı səfiri Qurqen Arsenyan niyə Ermənistana qayıdır” başlıqlı məqaləsində yazıb.
Nəşr xatırladıb ki, mayın 4-də İrəvanda keçirilən Avropa Siyasi Birliyi platformasının 8-ci sammitindən sonra mayın 7-də Rusiyanın Xarici İşlər Nazirliyinə səfir Qurqen Arsenyan çağırılmışdı. O, Rusiya Xarici İşlər nazirinin müavini Mixail Qaluzinlə görüşmüşdü.
“Diplomatik missiyanın rəhbərinə Eİ-nin himayəsi altında keçirilən son tədbirlər çərçivəsində Ermənistanda Kiyev nasist rejiminin başçısı Vladimir Zelenskiyə Rusiyaya qarşı terror təhdidləri səsləndirmək üçün “tribuna” verilməsinin qəti şəkildə qəbuledilməz olduğu bildirilib”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd olunmuşdu.
Nəşrin məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda həmçinin deyilirdi ki, Ermənistan səfiri ilə görüş zamanı Moskvada bununla bağlı haqlı narazılıq ifadə olunub və rəsmi İrəvanın adekvat mənfi qiymətləndirmə verməməsi Rusiya-Ermənistan münasibətlərinin tərəfdaşlıq xarakterinə uyğun sayılmır.
Məqalədə vurğulanıb ki, səfir rus tərəfinin iradını İrəvana məruzə edəcəyini vəd edib.
“168.am”ın mənbələrinin bildirdiyinə görə, Qurqen Arsenyanın Rusiya Xarici İşlər Nazirliyinə səfərindən sonra məsləhətləşmələr məqsədilə Ermənistan səfirinin ölkəyə gələcəyi gözlənilir.
“Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan “168.am”la söhbətində hazırkı məqamda bu xəbərin həqiqətə uyğun olmadığını bildirib.
Bununla belə, əgər bu səfər yaxın günlərdə diplomatik baxımdan belə rəsmiləşərsə, diplomatik eyni mənbələrdən alınan məlumata görə, fəaliyyətdə olan səfiri paytaxta çağırmaq diplomatik praktikada həmin ölkəyə təzyiqin ən ciddi vasitələrindən biri hesab olunur. Bu, ənənəvi olaraq ev sahibi dövlətin müəyyən addımlarından son dərəcə narazı qalmağın ifadə forması kimi qəbul edilir. Məsləhətləşmələr üçün səfiri geri çağırmaq ikitərəfli münasibətlərin səviyyəsini müvəqqəti aşağı salmaq üçün bir bəhanə sayılır.
Beləliklə, səfir Arsenyan İrəvana qayıdaraq Xarici İşlər Nazirliyinin rəhbərliyinə və ya birbaşa Nikol Paşinyana vəziyyət barədə məruzə etmək və Ermənistanın bundan sonrakı addımlarını müzakirə etmək məqsədi daşıyır. Bu halda, səfirin səlahiyyətlərinin müvəqqəti işlər vəkilinə həvalə edilməsi də istisna edilmir. Çox güman ki, yaxın vaxtlarda Ermənistan və Rusiya tərəfləri arasında qarşılıqlı ritorikanın daha da kəskinləşməsinin şahidi olacağıq”, - deyə məqalədə bildirilib.
Nərş xatırladıb ki, Rusiya ilə müharibə aparan Ukraynanın lideri Vladimir Zelenski İrəvanda bəyan etmişdi ki, Moskvanın hərbi paradına Ukraynaya məxsus pilotsuz uçuş aparatları “gələ” bilər.
“Oğlanlar bu il mayın 9-da Rusiyada paradda hərbi texnika nümayiş etdirməyi planlaşdırmırlar. Lakin oraya Ukrayna pilotsuz uçuş aparatları “gələ” bilər. Bu yay Putin bundan sonra nə edəcəyinə qərar verəcək: müharibəni genişləndirəcək, yoxsa diplomatik yolla gedəcək. Biz onu diplomatiyaya təşviq etməliyik”, - deyə Ukrayna Prezidenti bildirmişdi.
Alpər Mövludoğlu
Ordu.az