Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Zelenski İrəvanda, Paşinyanın Qırmızı meydanda olmaması, yeni geosiyasi reallıqlar” başlıqlı məqaləsində yazıb.
Məqalədə qeyd olunub ki, ötən il Moskvanın Qırmızı meydanında Çin Xalq Respublikasının Prezidenti Si Cinpin, MDB ölkələrinin liderləri, Rusiyanın ənənəvi tərəfdaş dövlətlərinin rəhbərləri, o cümlədən Nikol Paşinyan iştirak edirdilər. Bu il isə onların bir çoxu, o cümlədən Paşinyan Qırmızı meydanda deyil.
Müəllif yazıb ki, Nikol Paşinyan bu il mayın 9-da Moskvada keçiriləcək Qələbə paradında iştirak etməyəcək. O, son brifinqlərindən birində bildirmişdi ki, hələ aprel ayında Moskvaya etdiyi əvvəlki səfər zamanı Vladimir Putinə Qırmızı meydanda olmayacağını deyib.
“Rusiya Federasiyasına səfərim zamanı Rusiya Prezidentinə məlumat verdim ki, seçki kampaniyası ilə əlaqədar mayın 9 tədbirlərində iştirak edə bilməyəcəyəm”, - deyə Paşinyan bildirib.
Nəşrin yazdığına görə, Paşinyan onun əvəzinə Ermənistandan başqa bir rəsminin Moskvaya gedib-getməyəcəyini dəqiqləşdirməyib.
“Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bir neçə gün əvvəl Nikol Paşinyanın “Rusiyanın digər dost ölkələrinin liderləri ilə birlikdə” Moskvadakı parada dəvət olunduğunu açıqlamışdı. Paşinyan 2025 və 2023-cü illərdə Moskva paradında iştirak edib, 2024-cü ildəki tədbiri isə buraxıb.
Bundan bir gün əvvəl Rusiya Prezidenti Vladimir Putin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşü zamanı Moskvanın mayın 9 tədbirlərinə rəsmi şəkildə heç kimi dəvət etmədiyini, lakin bütün mümkün qonaqları salamlamağa hazır olduğunu bildirib.
“Biz rəsmi şəkildə heç kimi dəvət etməmişik”, - deyə Putin bildirib.
Lukaşenko isə bəzi qonşu dövlətlərin “Qələbəni ayaqları altına atmasından” bezdiyini söyləyib. O vurğulayıb ki, sovet xalqı bütün dünyanı “taun bəlasından” xilas edib və bunun onların “ən böyük xəzinəsi” olduğunu bildirib”, - deyə nəşr vurğulayıb.
Müəllif yazıb ki, Lukaşenko yaxın vaxtlarda dünya liderlərinin “buraya gəlmək üçün xahiş edəcəklərinə” əmin olduğunu bildirib və “bu meydanda olmaq” ifadəsini işlədib.
Məqalədə qeyd olunub ki, Belarus Prezidenti mayın 8-i axşamı Qələbə Günü tədbirlərində iştirak etmək üçün Moskvaya gəlib.
“Rusiya KİV-ləri mayın 9-da Moskvada keçiriləcək tədbirlərdə “Abxaziya” (qondarma-red.) , Laos, Qazaxıstan, Malayziya, Serb Respublikası, Slovakiya və “Cənubi Osetiya” (qondarma-red.) nümayəndələrinin də iştirak edəcəyini yazıblar.
Paşinyanın Qırmızı meydanda olmaması son günlər Ermənistan-Rusiya diplomatik, ekspert və informasiya məkanında yaranmış hadisələr zəncirinin davamıdır.
Ermənistanda keçirilən Avropa Siyasi Birliyinin 8-ci sammiti, Ukrayna Prezidenti Volodimir Zelenskinin orada iştirakı və anti-Rusiya çıxışı Rusiyada ciddi narazılıq yaradıb”, - deyə müəllif bildirib.
Nəşr yazıb ki, bunun nəticəsində Rusiyanın Xarici İşlər Nazirliyi Rusiyadakı Ermənistan səfiri Qurqen Arsenyanı nazirliyə çağıraraq narazılığını çatdırıb.
“Diplomatik missiyanın rəhbərinə bildirilib ki, Avropa İttifaqının himayəsi altında keçirilən son tədbirlər çərçivəsində Kiyev nasist rejiminin başçısı Volodimir Zelenskiyə Rusiyaya qarşı terror təhdidləri səsləndirmək üçün “tribuna” verilməsi qəti şəkildə qəbuledilməzdir”, - deyə Rusiya XİN-in bəyanatında qeyd olunub.
Nəşr bildirib ki, Rusiya XİN-in yaydığı açıqlamada həmçinin Ermənistan səfiri ilə görüş zamanı Moskvada bununla bağlı haqlı qəzəbin olduğu və rəsmi İrəvanın adekvat mənfi qiymətləndirmə verməməsinin Ermənistan-Rusiya münasibətlərinin tərəfdaşlıq xarakterinə uyğun gəlmədiyi vurğulanıb.
Məqalədə qeyd olunub ki, Ermənistan-Rusiya münasibətlərində uçurum getdikcə dərinləşsə və böhran nöqtəsinə yaxınlaşsa da, Ermənistan hakimiyyəti Rusiya ilə möhkəm əlaqələrin qorunduğunu bəyan edir.
Müəllif yazıb ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu günlərdə “İrəvan Dialoqu” beynəlxalq forumunda çıxışı zamanı bildirib ki, onilliklər, hətta əsrlər boyu Ermənistanda belə düşünülüb ki, düşmən mühitdə ölkənin bir əsas dostu, onu qoruyacaq “böyük qardaşı” olmalıdır.
“İndi bu yanaşma dəyişib. Çünki o an gələndə və bizim həqiqətən həmin böyük dostun müdafiəsinə ehtiyacımız olanda, bu baş vermədi. Bu da adi Ermənistan vətəndaşlarının xarici siyasətə baxışını ciddi şəkildə dəyişdi”, - deyə Mirzoyan bildirib.
Nəşrin yazdığına görə, Mirzoyan Ermənistanın siyasi, iqtisadi və enerji baxımından bir mərkəzdən asılılığını azaltmağa nail olduqlarını, dostlarının siyahısını şaxələndirdiklərini bildirib.
Müəllif qeyd edib ki, Mirzoyan ABŞ ilə strateji tərəfdaşlıq qurulduğunu, Vaşinqtonun Ermənistan-Azərbaycan münasibətlərində və Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılmasında əsas rol oynadığını vurğulayıb.
Məqalədə Mirzoyanın TRIPP (Trump Route for International Peace and Prosperity) (Zəngəzur dəhlizi-red.) layihəsinə də toxunduğu qeyd olunub.
“Layihənin dəmir yolları, elektrik şəbəkələri, internet kabelləri, gələcəkdə isə neft və qaz kəmərlərini əhatə etdiyi bildirilib. Mirzoyan Ermənistanın Avropa İttifaqı ilə strateji tərəfdaşlıq qurduğunu, Hindistanla sıx əlaqələrə, Çin və Qazaxıstanla strateji münasibətlərə malik olduğunu və bununla yanaşı Rusiya ilə möhkəm əlaqələri qoruduğunu söyləyib.
Ermənistan-Rusiya münasibətləri artıq elə mərhələyə daxil olub ki, diplomatik etiket qaydaları açıq demarşlar və qarşılıqlı etimadsızlığın nümayişi ilə əvəzlənib. Nikol Paşinyanın “seçki kampaniyası” bəhanəsi ilə Qırmızı meydanda iştirak etməməsi və Vladimir Putinin rəsmi dəvətlərin olmaması ilə bağlı açıqlaması tərəflərin artıq “strateji müttəfiqlik” görüntüsünü qorumağa çalışmadığını göstərir”, - deyə nəşr vurğulayıb.
Müəllif yazıb ki, Moskva ilə İrəvan arasında yaranmış siyasi uçurum artıq təkcə protokol səviyyəsində deyil, geosiyasi istiqamətlərin prinsipial toqquşması fonunda da özünü göstərir.
“Ermənistanın “şaxələndirmə” siyasəti və Qərb layihələrinə üstünlük verməsi Rusiyanın təsirinə birbaşa çağırış kimi qiymətləndirilir. Böhranın dərinləşməsinin katalizatoru İrəvanda Ukrayna Prezidentinin iştirakı ilə keçirilən sammit olub. Bu tədbir Kreml üçün “qırmızı xəttə” çevrilərək Ermənistan səfirinin XİN-ə çağırılması və “qəti qəbuledilməzlik” barədə sərt xəbərdarlıqlarla nəticələnib.
Ermənistanın hakim elitası ölkənin təhlükəsizlik və iqtisadi arxitekturasını köklü şəkildə yenidən formalaşdırır və bunu Qərb mərkəzlərinə söykənərək edir. Halbuki bu keçid mərhələsində həmin mərkəzlərin Ermənistana necə dəstək verəcəyi hələ məlum deyil.
Ermənistan-Rusiya münasibətləri artıq elə nöqtəyə çatıb ki, “möhkəm əlaqələrin qorunması” ilə bağlı verilən bəyanatlar real siyasi proseslərlə ziddiyyət təşkil edir. Vaxtilə müttəfiq olan dövlətlər münasibətləri artıq “səfirlərin çağırılması dili” ilə qurur, diplomatik qarşıdurma yaşayır və ali rəhbərlərin görüşləri əməkdaşlıq deyil, fikir ayrılıqlarının qeydə alındığı platformaya çevrilirsə, deməli əvvəlki model artıq mövcud deyil”, - deyə müəllif bildirib.
Alpər Mövludoğlu
Ordu.az