Ermənistan KİV-i: 28 may hərbi paradı siyasi nümayişdir

2026/05/1778562497.jpg
Oxunub: 531     09:03     12 May 2026    
“İrəvanda mayın 28-də keçirilməsi planlaşdırılan hərbi paradın hakimiyyət üçün sadəcə bayram tədbiri deyil, həm də siyasi nümayişə çevriləcəyi bildirilir”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” qəzeti məlumat yayıb.

Qəzetin hakimiyyətə yaxın mənbələrinin məlumatına görə, Baş nazir Nikol Paşinyan qarşıdan gələn hərbi paradın mümkün qədər təsirli təşkil olunması və cəmiyyətdə geniş rezonans doğurması üçün xüsusi tapşırıqlar verib.

“Məlumata əsasən, son günlər hərbçilər gecə-gündüz hazırlıq işlərinə cəlb olunublar. Paradın mayın 28-də Respublika meydanında keçirilməsi planlaşdırılır.

Hakimiyyətin planları bununla yekunlaşmır. Mənbələrin sözlərinə görə, Paşinyanın tapşırığı ilə hərbi texnika paraddan sonra uzun müddət paytaxtın mərkəzi küçələrində saxlanılacaq ki, vətəndaşlar ona yaxınlaşa, baxa və foto çəkdirə bilsinlər”, - deyə nəşr bildirib.

Müəllif qeyd edib ki, bundan əlavə, əldə olunan məlumata görə, Nikol Paşinyan canlı yayımda nümayiş etdirilən zirehli texnikaları şəxsən təqdim etməyə hazırlaşır.

“O, texnikaların hansı imkanlara malik olduğunu və nə məqsədlə istifadə edildiyini izah edəcək.

Beləliklə, 28 may hərbi paradı hakimiyyət üçün təkcə rəmzi dövlət tədbiri deyil, həm də gücün, texnikanın və siyasi mövcudluğun nümayişi kimi qiymətləndirilir. Başlıca təqdimatçının isə faktiki olaraq Nikol Paşinyan olacağı bildirilir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Parad  


Bizi "telegram"da izləyin