Ordu.az xəbər verir ki, hazırda hakim “Vətəndaş Müqaviləsi” partiyasının seçki siyahısına rəhbərlik edən Paşinyan bu barədə bu gün jurnalistlərlə söhbəti zamanı danışıb.
O bildirib ki, həyata keçirilən bütün siyasət açıq şəkildə aparılır və bunun arxasında heç bir gizli plan yoxdur.
Paşinyan izah edib ki, Ermənistan balanslaşdırılmış xarici siyasət yürüdür, bu siyasətin əsasında qarşılıqlı hörmət və maraqların qəbul edilməsi dayanır.
“Biz Ermənistanın dövlət maraqlarını rəhbər tutmağa davam edəcəyik və Rusiya Federasiyası ilə münasibətlərimizi dərinləşdirməyə, inkişaf etdirməyə davam edəcəyik. Bununla yanaşı anlayırıq ki, bu münasibətlərdə qaçılmaz transformasiya baş verir. Bu, siyasi zövq məsələsi deyil, çünki belə şərhlər ola bilər ki, bu mənim şəxsiyyətimlə və ya siyasi komandamızla bağlıdır. Bu, obyektiv reallıqdan qaynaqlanan prosesdir. Rusiya ilə münasibətlərdə müəyyən narahatlıqlar və izah tələb edən incə məqamlar var. Biz bu məsələlər üzərində sakit, ölçülü şəkildə, stresssiz və əlavə əsəbilik olmadan işləməliyik. Bu məntiqlə hərəkət edəcəyik”, - deyə Paşinyan qeyd edib.
O vurğulayıb ki, Rusiya prezidenti ilə münasibətləri qarşılıqlı etimada əsaslanır.
Paşinyan bildirib ki, ən kəskin məsələləri belə sakit, hörmətli və dostluq atmosferində, arqument və faktlara əsaslanaraq müzakirə edirlər.
“Mən də bu məntiqlə davam edəcəyəm. Həm Rusiya Federasiyasının prezidentinə, həm də Rusiya Federasiyasına hörmətimi bildirirəm. Əlbəttə, biz həmçinin Avropa İttifaqı ilə münasibətlərimizi daha da dərinləşdirmək və Avropa İttifaqına üzvlük prosesinə başlamaq haqqında qanunun məntiqinə uyğun hərəkət edəcəyik”, - deyə Paşinyan sözlərini yekunlaşdırıb.
Alpər Mövludoğlu
Ordu.az