Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Paşinyan yalnız seçici fəallığı aşağı olarsa qalib gələ bilər” başlıqlı məqaləsində yazıb.
Nəşr qeyd edib ki, Ermənistan Miqrasiya və Vətəndaşlıq Xidmətinin məlumatına görə, seçici reyestrində qeydiyyatda olan seçicilərin ümumi sayı 2 milyon 482 min 872 nəfərdir.
“Qanuna əsasən, parlament seçkiləri zamanı səsvermə günündən 30, 20 və 10 gün əvvəl əhalinin dövlət reyestrini aparan qurum seçicilərin ümumi sayını dərc etməlidir.
2021-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində seçicilərin sayı 2 milyon 595 min 512 nəfər idi. Həmin seçkilərdə 25 partiya və blok iştirak edirdi. Seçicilərin 49,41 faizi, yəni 1 milyon 281 min 911 nəfər səsvermədə iştirak etmişdi.
Paşinyan həmin şəraitdə 53,95 faiz səs toplamışdı. “Hayastan” bloku 21,11 faiz, “Şərəfim var” bloku isə 5,22 faiz səs əldə etmişdi. 2026-cı il iyunun 7-də keçiriləcək seçkilərdə iştirak etmək üçün 19 siyasi qüvvə, yəni 2 blok və 17 partiya müraciət edib”, - deyə müəllif bildirib.
Nəşrin yazdığına görə, Paşinyan əvvəlki uğurunu təkrarlamaq istəyir və bu, yalnız bir halda mümkündür: mövcud hakimiyyət müxtəlif üsullarla seçici fəallığını aşağı salmalıdır.
“Əgər Ermənistan vətəndaşı seçkiyə gedərsə, mövcud hakimiyyətin qalib gəlmək, xüsusilə də konstitusion çoxluq əldə etmək üçün heç bir şansı olmayacaq”, - deyə məqalədə vurğulanıb.
Alpər Mövludoğlu
Ordu.az