Sabiq erməni prezident: “Paşinyan oturduğu budağı kəsir”

2026/05/1778429231.jpg
Oxunub: 404     20:06     10 May 2026    
“Ölkə rəhbərinin maraqlarının ölkənin maraqları ilə üst-üstə düşmədiyini, əksinə, onlara zidd olduğunu ən dəhşətli yuxuda belə təsəvvür etmək mümkün deyildi. Məlum olur ki, bu mümkündür”.

Ordu.az xəbər verir ki, bunu Qavarda sakinlərlə görüş zamanı Ermənistanın ikinci prezidenti, baş nazir postuna namizəd Robert Köçəryan bildirib.

“Lider xalqı birləşdirməyə, ordunu gücləndirməyə, strateji müttəfiqlərlə münasibətləri nizamlamağa çalışır, ölkəsinin möhkəmlənməsi üçün hansı resursları yatıracağını düşünür. Bu hakimiyyət isə tam əksini etdi, xalqı qaralara və ağlara böldü, tanınmış hərbçilərə qarşı hücumlara başladı, orduda döyüş qabiliyyətinin kəskin azalmasına səbəb olan “islahatlar” həyata keçirdi, diasporla münasibətləri korladı”, - deyə Köçəryan sadalayıb.

O əlavə edib ki, bütün bunlar faciəli nəticələrə gətirib çıxarıb.

Erməni siyasətçinin sözlərinə görə, xalq fövqəladə vəziyyət düyməsini sıxmalıdır, əks halda saysız-hesabsız problemlər yaranacaq.

Köçəryan qeyd edib ki, yenidən hakimiyyətə gəlmək istəyən qüvvələrin hesablaması xalqın yaddaşının qısa olması düşüncəsinə əsaslanır. “Paşinyan Şuşaya getdi, sevgisini etiraf etdi, amma bir il sonra məlum oldu ki, Şuşa “solğun və bədbəxtdir”. Belə davranışı yalnız mənəviyyatsız insan, bütün addımları ilə ölkəni zəiflədən və bunu yalnız kreslosunu qorumaq üçün edən rəhbər sərgiləyə bilər. Ola bilsin ki, bizim bilmədiyimiz başqa səbəblər də var”, - deyə Köçəryan bildirib.

Erməni siyasətçi hakimiyyətin təhsil sahəsində apardığı siyasəti birbaşa diversiya adlandıraraq qeyd edib: “Əgər sülh istəyiriksə, güclü və döyüş qabiliyyətli orduya, güclü liderə və etibarlı müttəfiqlərə sahib olmalıyıq”.

İşsizlik mövzusuna toxunan Köçəryan xatırladıb ki, onun prezidentliyinin əvvəlində işsizlik səviyyəsi təxminən 20 faiz olub, vəzifədən gedəndə isə 7 faizə qədər enib. Onun sözlərinə görə, hazırda bu göstərici ən azı 13 faizdir.

Köçəryan hesab edir ki, Ermənistan iqtisadiyyatını istehsal və sənaye əsasında qurmalıdır, xidmət ölkəsinə çevrilməməlidir.

Rusiya ilə münasibətlərə toxunan erməni siyasətçi bildirib ki, onun prezidentliyi dövründə heç bir gərginlik olmayıb və Ermənistan qazı 50 dollara alıb, bu da Avropadakı qiymətdən 3-4 dəfə ucuz olub.

“Baş nazir oturduğu budağı kəsir... Amma düşəcək olan özü yox, xalq olacaq. O qaçacaq, çünki qaçmaq ustasıdır. Xalq isə budaqdan aşağı düşəcək”, - deyə Köçəryan xəbərdarlıq edib.

Köçəryan şişirdilmiş kredit-bank piramidaları ilə bağlı da narahatlığını ifadə edib və onların çökə biləcəyindən ehtiyat etdiyini bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Köçəryan  


Bizi "telegram"da izləyin