Ordu.az xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri Suren Papikyan bildirib.
O, mayın 28-nə planlaşdırılan hərbi texnika paradı ilə bağlı hakimiyyətin bu tədbiri sadəcə seçkiqabağı təşviqat çərçivəsində təşkil etməsi barədə iddialara belə cavab verib.
“Amma əgər bütün bunlar gördüyümüz işlə bağlıdırsa və bu, hansısa seçki prosesinə kömək edirsə, biz gördüyümüz işdən imtina etməliyik? Əlbəttə ki, imtina etməyəcəyik”, - deyə erməni nazir bildirib.
Onun sözlərinə görə, qarşıdakı hərbi texnika paradı cəmiyyət qarşısında görülən işlərin hesabatı olacaq.
“Heç vaxt nümayiş etdirmədiyimiz, aldığımız, amma göstərmədiyimiz bütün silahları və hərbi texnikanı nümayiş etdirəcəyik”, - deyə Papikyan qeyd edib.
“Qeyd edirəm ki, əvvəllər nümayiş etdirmədiyimiz bütün silahlar, baş nazir Paşinyanın hakimiyyəti dövründə əldə olunan və ictimaiyyətə göstərməyə imkan tapmadığımız vasitələr təqdim olunacaq. Amma əsas hissə əsasən 2022-2025-ci illərə aiddir”, - deyə o bildirib.
Ermənistanın müdafiə naziri bu məqsədlə Ermənistan hakimiyyətinin Rusiyanın 102-ci hərbi bazasına müraciət etməsi barədə məlumatları da təkzib edib.
“Belə məlumat yoxdur. Bu, yalandır. Biz yalnız öz vasitələrimizi nümayiş etdiririk və bu, cəmiyyətimiz qarşısında hesabatdır”, - deyə Papikyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az