Ordu.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Məlumata görə, Hörmüz boğazından keçən sualtı optik lif kabelləri hər gün 10 trilyon ABŞ dollarından çox maliyyə əməliyyatı, o cümlədən SWIFT mesajları, birja əməliyyatları və valyuta mübadiləsini ötürür.
Lakin həyati əhəmiyyət daşıyan bu infrastruktur boğaza dair ənənəvi yanaşmanın, yəni gəmiçilik və energetika çərçivəsinin kənarında qalıb və İran bundan iqtisadi və suveren üstünlüklər əldə etmir.
BMT-nin Dəniz Hüququ Konvensiyasının 34-cü maddəsinə əsasən İranın Hörmüz boğazının dibi və su məkanı üzərində suveren hüquqlarına istinad edilən hesabatda üç praktiki addım təklif olunur.
Birinci addım xarici şirkətlərdən ilkin icazələr və illik uzadılmalar üçün ödənişlərin alınmasını nəzərdə tutur.
İkinci addım texnologiya nəhəngləri olan “Meta”, “Amazon” və “Microsoft”un İran qanunvericiliyinə uyğun fəaliyyət göstərməyə məcbur edilməsini ehtiva edir.
Üçüncü addım isə kabellərin təmiri və texniki xidmət üzrə müstəsna hüquqların İran şirkətlərinə verilməsini nəzərdə tutur.
Müəlliflərin fikrincə, bu tədbirlər Hörmüz boğazını qanuni iqtisadi gəlir yaradan strateji mərkəzə çevirə bilər.
Sevinc Əliyeva
Ordu.az