Ordu.az xəbər verir ki, bu barədə İranın Fars agentliyi yazıb.
Məlumata görə, həmin xətlər məlumat ötürülməsini, bulud xidmətlərini, bank əməliyyatlarını və beynəlxalq rabitəni təmin edir. Bu xətlərdən hər hansı birinin zədələnməsi internet və rəqəmsal iqtisadiyyatda genişmiqyaslı problemlərə səbəb ola bilər.
Son günlər bu mövzu beynəlxalq media və analitik mərkəzlərdə fəal şəkildə müzakirə olunur.
Hindistan nəşrləri vurğulayıb ki, ölkənin internet trafikinin əhəmiyyətli hissəsi Fars körfəzi və Hörmüz boğazı yaxınlığındakı marşrutlardan keçir.
Həmin kabellər Avropa, Fars körfəzi ölkələri və Asiya arasında qlobal internet və maliyyə trafikinin təxminən 15-20 faizini ötürür.
Fars agentliyinin məlumatına görə, İran kabel infrastrukturunu idarə edən xarici şirkətlər üçün icazə almaq, rüsum ödəmək və İran qanunvericiliyinə riayət etmək tələblərini gündəmə gətirə bilər.
Qiymətləndirmələrə əsasən, kabellərin mümkün zədələnməsi onlayn xidmətlərin, rəqəmsal bankçılığın və telekommunikasiyanın fəaliyyətini poza bilər. Qeyd olunub ki, AAE-1 və “Falcon” kimi magistral xətlər Hindistanı Avropa və Qərbi Asiya ilə birləşdirməkdə əsas rol oynayır və onların sıradan çıxması təkcə regiona deyil, həm də qlobal rəqəmsal proseslərə təsir göstərəcək.
Rusiya və Asiya mediası rəqəmsal infrastrukturun geosiyasi zəifliyinə diqqət çəkib. Xüsusilə vurğulanıb ki, bir neçə iri internet kabeli Hörmüz boğazından keçir və onların zədələnməsi bank əməliyyatlarını, bulud xidmətlərini və qitələrarası rabitəni iflic edə bilər. Bəzi analitiklər bunu strateji zəifliyin yeni növü kimi qiymətləndirirlər. Belə ki, məlumat infrastrukturu beynəlxalq münaqişələrdə təzyiq alətinə çevrilir.
Qərb analitik mərkəzləri və media qurumları da qlobal internet sisteminin həssaslığı ilə bağlı xəbərdarlıq edib. Bildirilib ki, dünya üzrə internet trafikinin təxminən 99 faizi sualtı kabellər vasitəsilə ötürülür və onların təmiri olduqca mürəkkəb, həmçinin böyük xərc tələb edən prosesdir. Hörmüz bölgəsində baş verəcək istənilən hadisə bulud xidmətlərinə, rəqəmsal iqtisadiyyata və beynəlxalq rabitəyə təsir göstərə bilər.
Sevinc Əliyeva
Ordu.az