Ordu.az xəbər verir ki, bunu bu gün “Yerablur”da jurnalistlərlə söhbətində Ermənistanın keçmiş müdafiə naziri, “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan bildirib.
O qeyd edib ki, əvvəllər mayın 9-u möhtəşəm bayram idi, lakin bu gün “bacarıqsız idarəçilərin” hərəkətləri nəticəsində erməni xalqı həmin günü dərin kədər içində qarşılayır.
Ohanyan bildirib ki, buna səbəb Qarabağın itirilməsidir.
Nikol Paşinyanın yaxınlarda “Qarabağ hərəkatı”nın (erməni separatizmi-red.) taleyüklü səhv olması ilə bağlı bəyanatına toxunan Ohanyan deyib ki, belə sözləri yalnız idarəetməsini yalan üzərində quran şəxs deyə bilər.
“2022-ci ildə Praqada o, (Paşinyan-red.) Azərbaycanın ərazi bütövlüyünü tanıdı”, - deyə erməni siyasətçi vurğulayıb.
Ohanyanı xüsusilə Paşinyanın 44 günlük müharibədəki məğlubiyyətin bütün məsuliyyətini yalnız ordu və generalitetin üzərinə qoymaq cəhdləri qəzəbləndirib.
Ermənistanın sabiq müdafiə naziri bildirib ki, məhz ölkə rəhbərliyi səfərbərliyi iflasa uğradıb, halbuki o, şəxsən Paşinyana müdafiənin təşkili ilə bağlı 38 maddədən ibarət plan təqdim etmişdi.
Ohanyan vurğulayıb ki, hakimiyyət döyüş bölgəsində nizam-intizam yaratmaq üçün heç bir addım atmayıb, amma indi hərbçiləri əsassız şəkildə ittiham edir, halbuki elə müharibə zamanı həmin şəxslərə səxavətlə rütbələr və mükafatlar verilirdi.
“Əgər deyirsə ki, generallar qaçıb, qoy ad çəksin. Əslində ilk qaçan elə Nikol Paşinyanın özüdür, çünki sərhədlərin qorunması və ordunun komplektləşdirilməsi ilə bağlı birbaşa vəzifələrini yerinə yetirməyib”, - deyə keçmiş erməni nazir əlavə edib.
Çıxışını yekunlaşdıran Ohanyan erməni sakinləri mövcud kursun faciəviliyini dərk etməyə və qarşıdan gələn seçkilərdə hazırkı hakimiyyətin yenidən formalaşmasına imkan verməməyə çağırıb.
Ohanyanın sözlərinə görə, xalq birləşməli və iyunun 7-də Ermənistanı tamamilə diz çökdürmək cəhdlərinə qəti cavab verməlidir.
“Tribuna qarşısında dayanıb öz xalqının üzünə həyasızcasına yalan danışan şəxs özünün fəlakətə sürüklədiyi ölkəni idarə etmək üçün mənəvi hüquqa malik deyil”, - deyə Ohanyan sözlərini yekunlaşdırıb.
Alpər Mövludoğlu
Ordu.az