Ordu.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumata görə, ABŞ Dövlət Departamenti cümə günü dörd şirkətə qarşı sanksiya tətbiq edib. Onlardan üçü Çində yerləşir və peyk görüntülərinin təqdim olunması ilə bağlıdır. ABŞ tərəfi hesab edir ki, həmin görüntülər İrana Yaxın Şərqdə yerləşən Amerika qüvvələrinə zərbələr endirmək imkanı verib.
Eyni zamanda ABŞ Maliyyə Nazirliyi cümə günü 10 fiziki şəxs və şirkəti, o cümlədən Çində yerləşən bir neçə təşkilatı qara siyahıya salıb. Vaşinqtonun iddiasına görə, onlar İranın ballistik raketlər və pilotsuz uçuş aparatları üçün lazım olan silah və materialları əldə etməsinə kömək ediblər.
“Bugünkü addımlar Çində yerləşən şirkətləri İranı dəstəklədiklərinə görə məsuliyyətə cəlb edir. ABŞ İranın hərbi və müdafiə sənayesi bazasına kömək edən üçüncü ölkə təşkilatlarına və şəxslərinə qarşı əlində olan bütün vasitələri tətbiq edəcək”, - deyə dövlət katibi Marko Rubio bildirib.
ABŞ son dövrlərdə İran xam neftinin alınmasına görə bir neçə Çin neft emalı zavoduna da sanksiyalar tətbiq edib. Bu isə Pekinin cavab addımlarına səbəb olub və Çin həmin müəssisələrə sanksiyalara əməl etməməyi tapşırıb.
Çinin Xarici İşlər Nazirliyi dəfələrlə “beynəlxalq hüquqa əsaslanmayan birtərəfli sanksiyalara” qarşı olduğunu bildirib və Çin vətəndaşları ilə şirkətlərinin hüquqlarını qoruyacağını bəyan edib.
Trampın gələn həftə Çinə səfər edəcəyi gözlənilir.
Sevinc Əliyeva
Ordu.az