“Zerkalo”: Belarus Tixanovskayanın Ermənistanda saxlanılmasına nail olmaq istəyib

2026/05/1778269871.jpg
Oxunub: 383     23:43     08 May 2026    
Mayın 4-5-də keçirilən Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün Svetlana Tixanovskayanın Ermənistana səfəri təhlükə altına düşüb.

Ordu.az xəbər verir ki, bu barədə “Zerkalo” saytına Tixanovskayanın müşaviri Denis Kuçinski danışıb.

Onun sözlərinə görə, Belarus hakimiyyəti bürokratik mexanizmlərdən və dövlətlərarası axtarış sistemindən istifadə edərək Tixanovskayanın forumda iştirakının qarşısını almağa çalışıb.

Kuçinski bildirib ki, əvvəlcə nümayəndə heyəti mayın 2-də Varşavadan Ermənistana uçmağı planlaşdırırdı ki, bazar günü digər dünya liderləri ilə birlikdə artıq İrəvanda olsunlar. Lakin son anda Polşa Prezidenti Karol Navrotskidən Andrey Poçobutun mükafatlandırma mərasimində iştirak etmək dəvəti gəldiyi üçün plan dəyişdirilib və uçuş bazar günü axşamına keçirilib.

“Geriyə baxanda demək olar ki, bu qərar bir çox baxımdan bizim xeyrimizə oldu. Çünki məhz son anda Lukaşenko rejimi tərəfindən müəyyən addımlar atılmağa başlandı. Bu addımlar açıq şəkildə deyil, onlar üçün xarakterik olan formada, yəni bürokratik mexanizmlər və dövlətlərarası axtarış sistemindən sui-istifadə yolu ilə həyata keçirilirdi”, - deyə Kuçinski bildirib.

Müşavirin sözlərinə görə, rəsmi Minsk Tixanovskaya və onun nümayəndə heyətinin saxlanılması üçün dövlətlərarası axtarış mexanizmlərindən istifadə etmək qərarına gəlib. Təhlükəsizlik səbəbləri ilə Kuçinski Ermənistan tərəfinin buna necə cavab verdiyini açıqlamaqdan imtina edib.

Onun sözlərinə görə, reysin təxirə salınması və Varşavada əlavə bir gün qalmaq imkanının yaranması Tixanovskayanın komandasına daha yaxşı hazırlaşmaq imkanı verib. Bu da bütün detalları yenidən yoxlamağa, bütün ssenariləri işləməyə, təhlükəsizlik məsələlərini razılaşdırmağa və artıq heç bir sürprizin olmayacağına əmin olmağa şərait yaradıb.

“Ermənistanın mövqeyi çox prinsipial idi. Onlar Svetlana Tixanovskayanı qəbul etdilər və bu, çox güclü siqnal idi. Bu, Lukaşenkonun hələ də kimlə qarşı-qarşıya olduğunu tam anlamadığının növbəti sübutudur. O hələ də düşünür ki, Svetlananı qorxutmaq və ya onu müəyyən addımlardan imtina etməyə məcbur etmək olar. O, riskləri çox yaxşı anlayır, amma qorxunun qərarlarına təsir etməsinə imkan vermir”, - deyə Kuçinski bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Belarus   Ermənistan  


Bizi "telegram"da izləyin