Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Ermənistan nə qazandı… nəticələri isə yaxın vaxtlarda görünəcək” başlıqlı məqaləsində yazıb.
Nəşrə görə, Ermənistanda Avropa sammitləri adı altında baş verənlər siyasi teatr idi.
“Bu proses bir tərəfdən Ermənistanı geosiyasi mübarizə meydanına çevirmək, digər tərəfdən isə Nikol Paşinyanın yenidən hakimiyyətdə qalmasına yardım etmək məqsədi daşıyırdı. Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasını uğurla təsdiqlədikdən sonra, görünür, indi də eyni üsulla Ermənistanı “xilas etməyə” gəlmişdilər.
Bütün bunlardan Ermənistan və erməni xalqının görəcəyi zərər, verilən vədlərin faydasından qat-qat böyük ola bilər. Bu zərəri artıq biznes sektoru hiss edir. Bundan sonra nə baş verəcəyini isə yaxın vaxtlarda görəcəyik. Əgər birdən elə alınsa ki, bütün bunlardan sonra Ermənistan əsas iqtisadi və ticarət tərəfdaşlarından biri ilə daha ciddi problemlərlə üzləşsin, buna təəccüblənmək lazım deyil.
Sual budur ki, o zaman bizim köməyimizə kim gələcək? Öz ölkələrinin iqtisadi problemlərini belə həll edə bilməyən avropalı məmurlar? Yoxsa Ermənistanı Makron xilas edəcək? Makron bacarırsa, qoy əvvəlcə Fransanın iqtisadiyyatını xilas etsin, demək olar ki, hər gün Makron hökumətlərinə qarşı sosial etirazlara qalxan fransızların sosial problemlərini həll etsin.
Görürük ki, Fransa Ermənistan üçün necə “super güclü” ticarət və iqtisadi tərəfdaşdır. Ermənistanın xarici ticarətinin cəmi 1 faizi bu qədər “dost” hesab edilən Fransa ilə həyata keçirilir. Ermənistandan Fransaya ixracın illik həcmi hətta 10 milyon dollara belə çatmır”, - deyə məqalədə qeyd edilib.
Nəşrin yazdığına görə, Makron Ermənistanda keçiriləcək seçkilərlə bağlı və Nikol Paşinyanı müdafiə edən siyasi bəyanatlar verməzdən əvvəl desin ki, bu illər ərzində Ermənistanla Fransa arasında iqtisadi münasibətlərin genişlənməsi və inkişafı üçün nə edib?
“Fransız bazarında erməni mallarının idxalı və satışı üçün nə qədər əlverişli şərait və imkan yaradıb? Ermənistanın digər bazarlardan asılılığının azaldılması istiqamətində nə edib ki, indi bir də siyasi bəyanatlarla Ermənistan iqtisadiyyatı üçün əsas ticarət tərəfdaşlarından biri ilə problemlər yaradır?
Əgər sabah Ermənistan biznesinin həmin bazarda problemləri daha da dərinləşsə və erməni malları bazardan sıxışdırılıb çıxarılsa, Makron və avropalı məmurlar nə edəcəklər? Yoxsa düşünürsünüz ki, onlar öz bazarlarını Ermənistan iqtisadiyyatı və erməni malları üçün açacaqlar? Bu gün Ermənistan ixracatının cəmi 8-9 faizi bütün Avropa İttifaqı ölkələrinin payına düşür. Söhbət illik 650-700 milyon dollardan gedir. Halbuki yalnız Rusiya bazarının payı ixracatda 30-35 faizə çatır. Nominal dəyər baxımından bu, bütün Avropa ilə müqayisədə 4-4,5 dəfə çoxdur.
Son illərdə Avropa bazarlarında erməni məhsullarının satışı üçün mövcud olan əvvəlki güzəştli rejimlər belə ləğv edilib. Nəticədə indi Ermənistandan Avropa bazarlarına əvvəlki illərlə müqayisədə daha az məhsul göndərilir. Bütün bunlardan sonra Ermənistan iqtisadiyyatına yardım göstərilməsi barədə elə səs-küylü bəyanatlar verirlər ki, guya bundan böyük dəyişikliklər olacaq”, - deyə müəllif vurğulayıb.
Nəşr qeyd edib ki, illərdir maliyyə dəstəyi proqramlarından danışırlar.
“Söhbət 2021-ci ildə elan edilmiş 2,5 milyard avroluq investisiyalardan gedir ki, guya bunlar artıq çoxdan həyata keçirilməli idi. Amma indi də eyni 2,5 milyard avroluq investisiya vədi ilə erməni xalqını “qidalandırmağa” çalışırlar. İrəvan sammitində qəbul edilən Aİ-Ermənistan bəyannaməsində yazılıb ki, “Qlobal keçidlər” strateji proqramı çərçivəsində Aİ investisiyalarının Ermənistanda 2,5 milyard avroya çatacağı gözlənilir. Söhbət yenə də həmin investisiyalardan gedir. Üstəlik “investisiya” adlandırılan vəsaitlərin böyük hissəsi kreditlərdir, özü də müxtəlif banklardan götürülmüş baha kommersiya kreditləridir.
Və bütün bunlar yenidən seçkilər ərəfəsində deyilir. 2021-ci ildə də seçkilər ərəfəsində Ermənistana 2,5 milyard avro investisiya yatırılacağı elan edilmişdi. İndi isə iyunun 7-də keçiriləcək seçkilər ərəfəsində yenə eyni şeyi edirlər.
Necə ki, o zaman bunu Nikol Paşinyana siyasi dəstək göstərmək üçün etmişdilər, indi də eyni məqsədlə edirlər. Sonradan bu proqramların nə dərəcədə həyata keçiriləcəyi vacib deyil. Əsas məsələ, necə ki, 2021-ci ildə olmuşdu, Nikol Paşinyanın yenidən hakimiyyətdə qalmasını təmin etməkdir. Bu yolda isə Ermənistana qızıldan dağlar vəd etməyə hazırdırlar”, - deyə məqalədə bildirilib.
Nəşr qeyd edib ki, vaxtilə Nikol Paşinyan Ermənistanı investisiyalarla dolduracağını vəd edirdi, indi isə bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen edir.
“O deyir ki, Ermənistanı investisiyalar üçün əsas ölkəyə çevirmək istəyirlər. “Bu gün Aİ tərəfindən qəbul edilən bəyanatda sahibkarlar Ermənistan iqtisadiyyatına investisiya yatırmağa çağırılır. Müstəqillikdən bu günə qədər Ermənistan investisiyalar üçün risk zonası hesab olunurdu. Bu da tarixi əhəmiyyətə malik faktdır. Çünki əvvəllər heç vaxt belə çağırışlar və belə mesajlar verməmişik, beynəlxalq tərəfdaşlarımızdan da eşitməmişik”, - deyə Ursula fon der Lyayen İrəvanda bildirib.
Görünür, Ursula fon der Lyayen bilmir ki, vaxtilə belə çağırışlar olmadan da “investisiya üçün risk zonası” hesab edilən Ermənistanda iri investisiyalar edilirdi. İnvestisiyalar məhz Nikol Paşinyanın baş nazir olduğu illərdə demək olar ki, dayandı, hətta geriləməyə başladı. Elə deyil ki, bu gün investorlar növbəyə dayanıb Ursula fon der Lyayenin və ya Aİ-nin çağırış etməsini gözləyirlər ki, Ermənistana axın etsinlər”, - deyə “168.am” yazıb.
Müəllif bildirib ki, vaxtilə Nikol Paşinyan xalqı belə yalanlarla aldadırdı, indi isə eyni şeyi avropalı məmurlar edir.
“Belə çağırışlar etməzdən əvvəl yaxşı olardı ki, özlərinə sual versinlər: əgər investorlar və investisiyalar hakimiyyətin özbaşınalığı qarşısında müdafiəsizdirsə, iri biznesmen və investorların mülkiyyəti rahatlıqla əllərindən alına bilirsə, onlar özləri Ermənistana investisiya yatırmağa gələrdilərmi? Yoxsa avropalı rəsmilər və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bunlardan xəbərsizdir? Elə bir ölkədə hansı investisiyadan danışmaq olar ki, orada iri investorları öz mülklərindən hökumət üçün pay ayırmağa məcbur edirlər?
Nikol Paşinyan da xalqa ümid verir ki, guya Aİ Ermənistana investisiya yatırmağa çağırış edib. Əgər təkcə çağırışlarla investisiya gəlirdisə, onlar çoxdan öz ölkələrinin iqtisadiyyatlarını investisiyalarla doldurmuş, nəfəs almaq üçün imkan yaratmışdılar. Halbuki indi artıq iflic vəziyyətindədirlər”, - deyə nəşr qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az