Ordu.az xəbər verir ki, bunu erməni politoloq Hrant Mikayelyan bildirib.
O, bu həftə İrəvanda keçirilən Avropa sammitləri və Avropa liderlərinin Ermənistanda insan hüquqlarının vəziyyətinə toxunmaması barədə danışıb.
Erməni politoloqu ilk növbədə hüquqşünasların Nikol Paşinyanın parlamentdə səsləndirdiyi bəyanata hansı hüquqi qiyməti verəcəyi maraqlandırır. Belə ki, Paşinyan çıxışında “Güclü Ermənistan”, “Hayastan” bloku və “Çiçəklənən Ermənistan” Partiyasının parlamentə keçmək üçün lazım olan seçki baryerini aşmaması məsələsini gündəmə gətirib.
“Paşinyan bu açıqlamaları ilə açıq şəkildə göstərir ki, o, seçki keçirmək yox, seçki prosesini elə manipulyasiya etmək niyyətindədir ki, xalqın nə istəməsindən asılı olmayaraq özü qalib gəlsin. Halbuki vaxtilə deyirdi ki, “əgər xalq tələb etsə, istefa verəcəyəm...” və sair. Amma bir xətt dəyişməz qalıb. O, 2018-ci ildə demişdi ki, “əgər mən baş nazir olmasam, Ermənistanın baş naziri olmayacaq”. İndi isə artıq plakatlara yerləşdirilmiş seçki şüarlarından biri belədir: “Paşinyansız Ermənistan yoxdur”.
Yəni onlar Ermənistanı məhv etməklə hədələyirlər. Mən bunu belə başa düşürəm. Çünki Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması məsələsi gündəmdədir, onun reytinqi kifayət qədər aşağıdır, amma onlar deyirlər ki, “Paşinyansız Ermənistan yoxdur”. Hesab edirəm ki, bu vəziyyət Paşinyanın həqiqətən Ermənistan üçün ciddi təhlükəyə çevrildiyini göstərir. O, hüquq sisteminə tam nəzarət etdiyi üçün hansı açıqlamaları verdiyini, bütün normaları və dövlətin hüquqi mahiyyətini hansı səviyyədə pozduğunu belə dərk etmir”, - deyə Mikayelyan bildirib.
Erməni politoloqun sözlərinə görə, Paşinyan öz reytinqinin xeyli aşağı olduğunu göstərən sosioloji məlumatları əldə edib və buna görə də partiyasının yenidən hakimiyyətə gəlməsini təmin etmək üçün müxtəlif addımlar atır. Onun sözlərinə görə, ölkədə genişmiqyaslı rüşvət paylanması prosesi gedir.
“Hər kəsi ələ almağa çalışırlar. Məsələn, yaxın vaxtlarda “Ermənistan Elektrik Şəbəkələri”ndə çalışan 3700 əməkdaşa 30 min dram paylanılıb. İndi bu, seçki rüşvətidir, ya yox?”, - deyə o bildirib.
Mayın 4-5-də İrəvanda keçirilən Avropa Siyasi Birliyinin 8-ci sammiti və Ermənistan-Avropa İttifaqı ilk sammitinin Ermənistanın Avropa inteqrasiyası məsələsinə təsiri, həmçinin Ermənistan-Aİ sammitinin yekununda qəbul edilmiş birgə bəyannamənin məzmunu barədə danışan Mikayelyan vurğulayıb ki, Avropa İttifaqının Ermənistan üçün təklifi yoxdur və ölkənin Aİ-yə üzvlüyü məsələsi real gündəmdə deyil.
Mikayelyanın sözlərinə görə, bütün bu bəyannamələr və gözəl ifadələr sadəcə insanların gözünə kül üfürmək və Nikol Paşinyana seçkiqabağı dəstək göstərmək məqsədi daşıyır.
Erməni politoloq qeyd edib ki, Ermənistan üçün ən mühüm məsələ dövlətin təhlükəsizliyinin təmin edilməsidir, lakin Avropa İttifaqı Ermənistanın təhlükəsizliyini təmin edə bilməz.
“Bu tədbir əsasən təbliğat xarakteri daşıyırdı ki, Paşinyan yenidən seçilsin. Məsələn, iki il əvvəl Böyük Britaniyada keçirilən Avropa Siyasi Birliyinin sammiti iyul ayında baş tutmuşdu. Bu tədbirin məsələn iyulun 15-də keçirilməsinə nə mane olurdu? O halda heç kim deməzdi ki, Avropa İttifaqı Ermənistanın işlərinə qarışır”, - deyə Mikayelyan qeyd edib.
Onun fikrincə, Ermənistan artıq geosiyasi mübarizənin meydanına çevrilib və bu, ciddi təhlükələr yaradır. O, bu qiymətləndirməni yenə də Avropa sammitlərinin keçirilməsi və onların ətrafındakı səs-küylə əlaqələndirib.
“Şübhəsiz ki, Ermənistan artıq geosiyasi mübarizənin meydanıdır. Əvvəla, bu, ölkənin iradəsindən asılı olmayaraq baş verib. Çünki 2014-cü ildən etibarən Qərblə Rusiya arasındakı qarşıdurma artıq danılmaz reallığa çevrildi və Ermənistanın balanslaşdırılmış xarici siyasəti çox problemli oldu. Demək olar ki, bunu qoruyub saxlamaq mümkünsüz idi və müstəqil siyasi kursun saxlanılması üçün başqa addımlar lazım idi ki, artıq gecikmişdi.
Hər halda Ermənistanın geosiyasi mübarizənin meydanına çevrilməsinin nəticələrindən bir neçəsini sadalaya bilərəm. Birincisi, 2018-ci ildə baş verən “məxməri inqilab” geosiyasi mübarizənin nəticəsidir.
İkincisi, Qarabağın 2020-ci il müharibəsində itirilməsi də geosiyasi mübarizənin nəticəsidir.
Üçüncüsü isə Rusiyanın Ermənistana qarşı həyata keçirdiyi iqtisadi təzyiqlərdir. Bizim hələ itirəcəyimiz çox şey, qoruyub saxlamalı və müəyyən mənada yenidən əldə etməli olduğumuz çox məqam var. Bütün bunlar düzgün xarici siyasətdən asılıdır...
Bütün bu addımlar bu gün həyata keçiriləndən tamamilə fərqli xarici siyasət tələb edir. Gülümsəmələrin və ya şəxsi maraqların arxasınca getmək dövlətin xarici siyasəti deyil, sadəcə siyasi teatr oyunudur”, - deyə Mikayelyan bildirib.
Erməni politoloqun proqnozuna görə, əgər dəyişiklik ölkə daxilindən baş verməsə, o zaman xarici proseslərin təsiri ilə baş verəcək. “Çünki haqqında danışdığımız bu qarşıdurma getdikcə daha da kəskinləşir”, - deyə o əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az