Ordu.az xəbər verir ki, bu barədə İsrailin 12-ci kanalı amerikalı rəsmiyə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, Ağ Ev sabah ABŞ-nin son təklifinə İranın cavabını almağı gözləyir.
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkof İranla razılaşma üzərində işi davam etdirmək üçün prezidentlə birlikdə Çinə getməyəcək.
Eyni zamanda, 12-ci kanalın məlumatına görə, İsrailin baş naziri Benyamin Netanyahu Trampla danışacaq.
Nəşrin məlumatına görə, İsrail hesab edir ki, İran ötən gecə Beyrutda “Hizbullah” hərəkatının yüksəkvəzifəli komandirinin öldürülməsinə cavab verməyib, çünki ABŞ ilə danışıqları pozmaq istəmir.
İsrailli yüksəkvəzifəli məmur bildirib ki, ölkə İranla danışıqların inkişaf istiqamətindən narahatdır.
“Belə razılaşma qeyri-müəyyən bəyanatlar əsasında imzalanmır, o, dəqiqlik, texniki detallar, prosedurlar, vaxt cədvəlləri, nəzarət mexanizmləri və s. tələb edir”, - deyə məmur hazırda müzakirə mərhələsində olduğu bildirilən bir səhifəlik razılaşmanı şərh edərkən bildirib.
“Bu məsələlərin hər birinin detalları araşdırılmadan iranlılar nüvə fəaliyyətlərini bərpa etmək üçün asan yollar tapacaqlar”, - deyə o əlavə edib.
Rəsmi şəxs 12-ci kanala bildirib ki, İsrail ABŞ-nin İrandan ballistik raket proqramının məhdudlaşdırılması ilə bağlı razılıq almaq üçün israrlı şəkildə çalışacağına inanmır.
Sevinc Əliyeva
Ordu.az