Livan və İsrail arasında danışıqların üçüncü mərhələsi gələn həftə keçiriləcək

2026/05/1778179022.jpg
Oxunub: 462     22:27     07 May 2026    
Gələn həftə Vaşinqtonda Livan və İsrail arasında birbaşa danışıqların üçüncü mərhələsi keçiriləcək.

Ordu.az xəbər verir ki, bu barədə “Al Arabiya” ABŞ Dövlət Departamentinin nümayəndəsinə istinadən məlumat yayıb.

“Növbəti həftənin cümə axşamı və cümə günləri Vaşinqtonda Livan və İsrail arasında danışıqlar keçiriləcək”, - deyə nümayəndə bildirib.

Açıqlama İsrailin son həftələrdə Livanın paytaxtına endirdiyi ilk zərbələrdən bir gün sonra səsləndirilib. İsrailin iddiasına görə, hücum nəticəsində “Hizbullah”ın yüksəkvəzifəli komandirlərindən biri öldürülüb.

Son həftələr ərzində Vaşinqton ABŞ-də Livan və İsrail səfirləri arasında birbaşa danışıqların iki mərhələsini təşkil edib.

Həftənin əvvəlində Dövlət Departamentinin nümayəndəsi “Hizbullah”ı Beyrut və İsrail arasında birbaşa danışıqlardakı irəliləyişi pozmağa çalışmaqda ittiham edib. “Al Arabiya” telekanalına müsahibəsində nümayəndə bildirib ki, “Hizbullah” hələ də İsrailə zərbələr endirməklə və Livan ərazisində təhdidlər səsləndirməklə danışıqları pozmağa çalışır.

Danışıqların ikinci mərhələsi zamanı ABŞ Prezidenti Donald Tramp prosesdə şəxsən iştirak etmək qərarı verib. Bunun nəticəsində görüş Dövlət Departamentindən Ağ Evə köçürülüb.

Tramp danışıqlara marağının göstəricisi olaraq vitse-prezident Cey Di Vensə, dövlət katibi Marko Rubiyoya və Qərargah Rəisləri Komitəsinin sədri general Keynə danışıqlara rəhbərlik etməyi tapşırıb.

Tramp həmçinin Livan Prezidenti Cozef Aun və İsrailin baş naziri Benyamin Netanyahu arasında yaxın vaxtlarda Ağ Evdə görüş keçirilə biləcəyini ehtimal etdiyini bildirib. Lakin Beyrutda belə görüşün müzakirəsinin atəşkəs razılaşması əldə olunmadan və İsrail qoşunları Livandan tam çıxarılmadan əvvəl tez olduğu qeyd edilib.

Keçən cümə günü ABŞ-nin Beyrutdakı səfirliyi bəyan etmişdi ki, İsraillə mövcud atəşkəs Livana “bütün qanuni tələblərini irəli sürmək üçün imkan və şərait yaradır və ABŞ hökuməti bunlara tam diqqət ayıracaq”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Livan   İsrail  


Bizi "telegram"da izləyin